Ramin İsmayılovdan, Ucar, Azərbaycan


05 aprel 2019, 17:50
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” layihəsinə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu layihə Sizin təhsilə, gənc nəslə olan böyük qayğınızın təzahürüdür. Oxuduqları məktəblərdə çalışqanlığı və fəallığı ilə seçilən şagirdlər bu layihəyə cəlb olunur və onlarda təhsilə maraq daha da artır. Vətənimizin müxtəlif guşələrinə səfər edən şagirdlər ölkəmizi yaxından tanıyırlar.
Mənim övladım martın ortalarında bu layihənin iştirakçısı olub. O, öz məktəb yoldaşları ilə birlikdə ölkəmizin cənub bölgəsinə səyahət edib. Bu səyahət şagirdlərdə çox gözəl təəssürat yaradıb. Onlar Lənkəran, Astara, Masallı şəhər və rayonlarının mədəniyyət və tarixi abidələri, Həzi Aslanovun ev-muzeyində qəhrəmanın həyatı və fəaliyyəti ilə yaxından tanış olub, Astarada çay plantasiyalarına gedib, Masallıda keçirilən “ASAN həyat” festivalında iştirak edib və çox razı qalıblar.
Məktəblilərə belə xoş və sevincli anlar yaşatdığınız üçün Sizə bir daha dərin təşəkkürümü bildirir, belə layihələrin davamlı olmasını arzulayıram. Arzu edirəm ki, ermənilər tərəfindən işğal olunmuş gözəl diyarımız Qarabağımız tezliklə azad olunsun və məktəblilərimiz növbəti layihələrin birində Qarabağın gözəl guşələrinə - Şuşaya, Laçına, Cıdır düzünə səyahət etsinlər.
Hörmətlə,
İsmayılov Ramin Rafiq oğlu.
Azərbaycan Respublikası, Ucar rayonu.