“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
01 aprel 2019, 21:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307; № 12, I kitab, maddə 2230; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1412-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.11-сi maddədə “daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri,” sözləri “daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak,” sözləri ilə əvəz edilsin.
2. 4.7-ci maddə üzrə:
2.1. üçüncü cümlədə “kiçik və reklamın yerləşdiyi ümumi sahənin üçdəbirindən çox” sözləri “böyük” sözü ilə əvəz edilsin;
2.2. dördüncü cümlədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.
3. 26.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.”.
4. aşağıdakı məzmunda 26.1-1-ci maddə əlavə edilsin:
“26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
5. 26.2-ci maddə üzrə:
5.1. ikinci cümlədə “bir” sözü “üç” sözü ilə əvəz edilsin;
5.2. dördüncü cümlə aşağıdakı redaksiyada verilsin:
“İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir.”;
5.3. beşinci cümlə ləğv edilsin.
6. 26.2-1-ci maddədə “və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını” sözləri “formasını” sözü ilə əvəz edilsin.
7. 26.2-2.2-ci maddədə “istifadəsinə” sözü “icarəsinə” sözü ilə əvəz edilsin.
8. 26.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər.”.
9. 26.8-ci maddədə “divarında” sözü “fasadında (divarında, hasarında)” sözləri ilə, “2” rəqəmi “1” rəqəmi ilə, “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilsin, “hüquqi” sözündən sonra “(o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin)” sözləri əlavə edilsin.
10. 35.2-ci maddədə “əmlakdan istifadəyə” sözləri “əmlakın icarəsinə” sözləri ilə əvəz edilsin.
11. 35.3-cü maddənin ikinci cümləsində “yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində” sözləri “yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2019-cu il.