logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Alman Abbasov və başqalarından, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

01 aprel 2019, 15:20

Möhtərəm cənab Prezident.

Dünya birliyində özünə layiqli yer tutan müstəqil Azərbaycan bu gün davamlı inkişaf və sabitlik məkanı, islahatçı ölkə kimi tanınır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf xəttini Siz müasir dövrün tələblərinə və zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirir və qətiyyətlə davam etdirirsiniz. Müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bir sıra inkişaf etmiş ölkələrin iqtisadi böhranın təsirindən hələ də çıxa bilmədiyi, dünyada müxtəlif xarakterli münaqişələrin ciddi fəsadlar törətdiyi bir vaxtda Azərbaycan təhlükəsizlik və əmin-amanlıq şəraitində dinamik inkişaf yolu ilə uğurla irəliləyir.

Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı nailiyyətlərin miqyası çox genişdir. Bunlar Vətənə və xalqa böyük sevginizin, müstəqil dövlətçilik prinsiplərinə sədaqətinizin, fədakar quruculuq fəaliyyətinizin bariz nümunələridir. Xalq Sizə inanır və etimad göstərir. Bizlər Sizi sevir və dəstəkləyirik. Siz dünyanın ən nüfuzlu kürsülərindən cəsarətlə öz sözünüzü deyir, Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirir, milli maraqlarımızı qoruyursunuz.

Müharibədən əziyyət çəkən insanlara, şəhid ailələrinə, əlillərə, qaçqınlara və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğının dünyada misli-bərabəri yoxdur. Sizin təşəbbüsünüz və tapşırıqlarınız əsasında hər il bu kateqoriyadan olan minlərlə ailənin mənzil-məişət problemi həll edilir, onlara yeni evlər, mənzillər verilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da bu işdə öz layiqli töhfələri vardır.

Azərbaycanın ərazi bütövlüyünün həlli istiqamətindəki yorulmaz, qətiyyətli fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Bu sahədəki sülhpərvərliyiniz, münaqişəni dinc yolla həll etmək istiqamətindəki səyləriniz nə qədər vacib və əhəmiyyətli olsa da, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, ordumuzun torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olması, düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Bu gün Çocuq Mərcanlıda, Şıxarxda dinc həyatın bərpası məcburi köçkünlərimizin Qarabağın işğaldan azad ərazilərinə, doğma torpaqlara qayıdışının rəmzidir.

Biz müharibə alovlarından keçmiş, torpaqlarımızın müdafiəsi üçün can qoymuş, döyüş təcrübəsi qazanmış keçmiş hərbçilər də Sizin əmrinizi gözləyir, Sizin komandanlığınız altında Qarabağa zəfər yürüşündə iştirak etməyi arzulayırıq. Biz inanırıq, əminik ki, Sizin müdrik və cəsarətli addımlarınız öz nəticəsini verəcək, Azərbaycanın bütün tarixi ərazilərində dövlətimizin suverenliyi təmin ediləcək, onun hər bir guşəsində qələbə bayrağı ucaldılacaqdır.

Bu gün heç bir qüvvə iqtidarla xalq arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz. Öz istiqlaliyyətinin, azadlığının qədrini bilən bizim kimi milyonlarla vətənpərvər insan Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsddən qorumağa qadirdir.

Bir daha bildiririk ki, xalqımızın müqəddəs arzusu olan Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün bütün vətənpərvər qüvvələr Sizin ətrafınızda sıx birləşiblər, Sizinlə birlikdədirlər.

Qarabağ müharibəsi veteranları adından hörmətlə,

Abbasov Alman

Rəfiyev Elçin

Qəhrəmanov Taryel

Əhmədov Camal

Şəfiyev Azər

Rzayev Füzuli

Kərimov Yasin

Zeynalov Eyvaz

Əliyev Eloğlu

Rzayev Alı

Əliyev Zamir

Hətəmov Sərxan

Quliyev Cəbrayıl və başqaları (cəmi 375 nəfər).

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.  

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi