Ziya Məlikov və başqalarından, Qobustan, Azərbaycan


30 mart 2019, 17:25
Möhtərəm cənab Prezident.
Sizin tapşırığınıza əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada artıq on birinci dəfədir ki, Qobustan rayon məktəbliləri iştirak edirlər. Məktəblilərin təlim-tərbiyəsi üçün bu layihənin çox böyük əhəmiyyəti vardır. Belə ki, onlar ölkəmizin gəzməli-görməli yerlərində olur, tariximiz barədə ətraflı məlumatlar əldə edir, eyni zamanda, müxtəlif bölgələrdən gəlmiş məktəblilərlə ünsiyyət qururlar.
Bu il məktəbimizin şagirdləri respublikamızın cənub bölgəsinə səfər ediblər. Budəfəki tur-aksiyaya əlaçı şagirdlərimiz, olimpiada qalibləri, ümumiyyətlə təhsildə fərqlənən məktəblilər qatılmışdılar. Sevindirici haldır ki, Qobustan məktəbliləri tur-aksiya çərçivəsində keçirilən intellektual yarışda I yer tutublar. Onlar səfərdən xoş təəssüratla dönüblər.
Cənab Prezident, Azərbaycan təhsilinin və yetişməkdə olan gənc nəslin hərtərəfli inkışafına göstərdiyiniz diqqət və qayğıya görə rayonun bütün pedaqoji ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, biz də öz növbəmizdə müəllim və valideyn olaraq layiqli vətəndaşların yetişməsində qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
Hörmətlə,
Məlikov Ziya
Mamedova Vüsalə
Eyyublu Musasoltan
Eyyubov Əmirağa
Cəfərova Vəfa
Abdullayev Əfqan
Abdulrəhmanova Şəhla
Ağayeva Ramidə.
Azərbaycan Respublikası, Qobustan rayonu.