İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib
16 mart 2019, 12:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihi qəbul edib.
Dövlətimizin başçısı Bakıda “OPEC plus” ölkələrinin iclasında iştirak etdiyinə görə Xalid Əbdüləziz Əl Falihə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neftin sənaye üsulu ilə istehsalının vətəni olduğunu vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsinin xüsusi məna daşıdığını qeyd etdi. Dövlətimizin başçısı “OPEC plus” formatında əməkdaşlığın dünyada neftin qiymətinin balanslaşdırılmasında mühüm rol oynadığını vurğuladı.
Nazir Xalid Əbdüləziz Əl Falih, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın “OPEC plus” formatında fəal iştirak etdiyini bildirərək ölkəmizdə tədbir iştirakçılarına göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi. Xalid Əbdüləziz Əl Falih Prezident İlham Əliyevin “OPEC plus” formatının yaradılmasında liderlik rolunu yüksək dəyərləndirərək bu formatda Azərbaycanın çox fəal iştirakçı olduğunu qeyd etdi. İkitərəfli münasibətlərə toxunan Xalid Əbdüləziz Əl Falih ölkəsinin Azərbaycanın ərazi bütövlüyünün və təcavüz nəticəsində pozulmuş suverenliyinin bərpası işinə tam sadiq olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycanın möhkəmlənməsi, iqtisadi inkişafı və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gedən işlər Səudiyyə Ərəbistanında böyük maraqla izlənilir. Xalid Əbdüləziz Əl Falih bu həftə Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn nümayəndə heyətlərinin Azərbaycan hökumətinin və biznes qurumlarının nümayəndələri ilə məhsuldar görüşlər keçirdiyini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə Səudiyyə Ərəbistanı Krallığının göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirdi və bunu dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirdi. İki ölkə arasında siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Azərbaycanda və Səudiyyə Ərəbistanında hazırda iqtisadiyyatın şaxələndirilməsi üzrə böyük işlərin həyata keçirildiyini qeyd etdi və bunun iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını dedi. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edərək, bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı. Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn insanlar xalqımızın qonaqpərvərliyinin və dostluq münasibətinin şahidi olurlar.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco” şirkətinin Bakıda ofisinin açılması yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.