İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15 mart 2019, 12:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədri Fərhad Dejpəsəndin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyasının toplantısının səmərəli keçəcəyinə və müzakirə olunan məsələlərin öz həllini tapacağına əminlik ifadə olundu.
Görüşdə nəqliyyat, energetika, sənaye, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, səhiyyə və digər sahələrlə bağlı müzakirə olunan məsələlərin gözəl nəticələr verdiyi vurğulandı, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışıldı, Neftçalada müasir avtomobil zavodunun işə düşməsindən məmnunluq ifadə olundu. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması mühüm hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyev bu yaxınlarda Qəzvin-Rəşt dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırdı.
Görüşdə elektroenergetika sahəsində də görülmüş işlər yüksək qiymətləndirildi və bu sahədə əməkdaşlığın həm ikitərəfli, həm çoxtərəfli formatda inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı.
Qəbula görə minnətdarlığını bildirən Fərhad Dejpəsənd İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını və Novruz bayramı münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Həsən Ruhani və bütövlükdə İran Azərbaycana dost və qardaş ölkə kimi münasibət göstərir. Fərhad Dejpəsənd Prezident İlham Əliyevin ikitərəfli münasibətlər haqqında söylədiyi fikirlərin əhəmiyyətini vurğuladı.
Görüşdə qeyd olundu ki, Azərbaycan və İran prezidentlərinin iradəsi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını və bayram təbriklərini İran Prezidentinə çatdırmağı xahiş etdi.