İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
14 mart 2019, 16:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb.
Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik etdi.
Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.
Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Həmçinin hökumətlərarası müştərək komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olundu.