“İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
12 mart 2019, 20:05
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 13.1-1-ci maddə əlavə edilsin:
“13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386) aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:
“Maddə 32-1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi
Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 3. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669) 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.16-cı maddə əlavə edilsin:
“8.0.16. məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.