Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuat üçün bəyanatları
22 noyabr 2018, 12:16
Prezident Qurbanqulu Berdiməhəmmədovun bəyanatı
-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və onun nümayəndə heyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istərdim ki, dəvətimizi qəbul edib mehriban qonşunuz, qonaqpərvər Türkmənistana rəsmi səfərə gəlimisiniz. Buna görə biz sizə bir daha minnətdarıq.
Demək istərdim ki, biz bu gün çox yaxşı, konstruktiv danışıqlar apardıq. Prinsipcə, bizim ikitərəfli münasibətlərimizin bütün aspektlərini, yəni, onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Mən dərhal demək istəyirəm ki, bizim - həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni, Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda, biz də qardaş Azərbaycanı daim dəstəkləyirik.
Onu da demək istərdim ki, bu gün biz həm də bizi birləşdirən ümumi məsələlərimiz üzrə fikir mübadiləsi apardıq. Bu, Xəzər dənizi məsələsidir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Buna görə də biz gələcəkdə də, əlbəttə, öz siyasətimizi aparacağıq.
Bu gün biz ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yəni, yaxşı təmasa malik olduğumuz sahələri - kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq. Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Yəni, bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən, əlbəttə, dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək.
Mədəni-humanitar sahədən danışarkən, əlbəttə ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki həm Türkmənistan, həm də Azərbaycan, bizim xalqlarımız vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir. Əlbəttə, bizim üçün sevindiricidir ki, biz müasir mərhələdə də gələcək gənc nəslin vətənpərvər ruhda böyüməsi naminə bu işi davam etdiririk. Buna görə də biz bu sahə haqqında bu kontekstdə danışarkən, bu gün bizim üçün mühüm olan tətbiqi sənət, yəni, xalçaçılığa toxunduq. Həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı.
Gördüyünüz kimi, biz bugünkü görüşdə çox geniş əhatəli məsələləri nəzərdən keçirdik, xeyli sənəd və saziş imzaladıq.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, buna görə də mən sizin diqqətinizi iki məsələyə yönəltmək istərdim. Birincisi, nəqliyyat məsələləridir. Biz dedik ki, tranzit dəhlizləri inkişaf etdirmək, düzgün logistika tərtib etmək istərdik. Bu, avtomobil və bərə nəqliyyatına, hava məkanına, dəmir yollarına aiddir. Ən başlıcası odur ki, indi bizim aramızda məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya fəaliyyət göstərəcək.
Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var. Biz Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Avropaya çıxışla bağlı nəqliyyat sazişi imzaladıq. Bu, artıq Şərq-Qərb xəttinə aiddir, ya da biz burada bütün Orta Asiyanı Avropa ilə birləşdiririk. Biz istər beynəlxalq siyasətə, istərsə də başqa istiqamətlərə aid bütün məsələlərdə ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəli addımlar atırıq. İndiki halda biz Bakı-Tbilisi-Qars kimi yaxşı infrastrukturun olduğu TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı xətti ilə gedə bilərik. Belə nümunələr çoxdur. Bunun əsasında noyabrın 28-də böyük beynəlxalq konfrans keçirəcəyik. Düşünürəm ki, bu gün biz həmin iştirakçı ölkələrin üzvlərinə müəyyən güzəştlər edə bilərdik. Deyək ki, güzəştli tariflər və sair. Burada əsas məsələ düzgün logistikanı inkişaf etdirməkdən ibarətdir.
Demək istədiyim ikinci məsələ odur ki, biz bu gün sənədlər paketi ilə yanaşı, 2019-2021-ci illər üçün ticari-iqtisadi sahənin inkişafı haqqında da əməkdaşlıq proqramı qəbul etdik. Yəni, bu, bir daha ondan xəbər verir ki, biz gələcəkdə də əmtəə nomenklaturamızı inkişaf etdirə bilərik. Hərçənd indi bizdə çox yaxşı tendensiya gedir, yəni, biz artıq öz statistikamızı bildirdik. Qeyd etdik ki, hər il müəyyən faiz artım var, deyək ki, əvvəlki illə müqayisədə 17 faiz artım olub. Biz elə bu ruhda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyamıza üstünlük veririk. Buna görə də mən xüsusi qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib. Ən əsası gələcək əməkdaşlığa doğru yaxşı meyil var. Buna görə də mən fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının hörmətli Prezidentinə onun şəxsi töhfəsinə, bizim xalqlarımız və ölkələrimiz arasında dostluq tellərinin möhkəmlənməsi üçün etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, ali dövləti fəaliyyətində böyük uğurlar, bütün qardaş Azərbaycan xalqına isə ən yaxşı rifah və tərəqqi arzulayıram. Diqqətə görə təşəkkür edirəm.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli dostlar.
Mən Türkmənistan Prezidentinə, mənim əziz dostuma dəvətə, çox səmimi qəbula, qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən dünəndən qardaş Türkmənistan torpağındayam. Türkmənistanın sosial-iqtisadi inkişafındakı nailiyyətlərlə tanış olmaq imkanına malik oldum. Biz sizin uğurlarınıza da öz nailiyyətlərimiz kimi sevinirik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından qardaş türkmən xalqına salamlarımı çatdırmaq istəyirəm. Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir.
Səfər sona yaxınlaşır. Artıq bu gün demək olar ki, bu səfər bizim ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq. Bu münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür.
Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu, artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir.
Türkmənistan Prezidenti artıq gündəlikdə olan əsas məsələlər barədə danışdı. Öz tərəfimdən qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üzərində fəal işləyəcəyik. Biz ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyaya müvafiq tapşırıqlar vermişik ki, onlar Azərbaycandan Türkmənistana və Türkmənistandan Azərbaycana ixracı artırmaq üzrə işi fəallaşdırsınlar. Malların konkret siyahısı var və qurumların müvafiq rəhbərləri bu məsələləri müzakirə edirlər. Fikrimcə, əgər biz konkret istiqamətlərə diqqəti yönəltsək, qısa müddət ərzində əmtəə dövriyyəmizi daha da artıra bilərik.
Türkmənistan Prezidenti hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun dediyi kimi, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə böyük yer ayrılıb. Səfər ərəfəsində bizim nümayəndə heyətlərimiz fəal işləyiblər, bir neçə raund danışıqlar aparıblar və Şərq-Qərb beynəlxalq dəhlizinin fəaliyyətinin əsas məsələlərini razılaşdırıblar. Türkmənistan və Azərbaycan öz tərəflərindən əvvəlki illərdə müasir nəqliyyat infrastrukturunun yaradılması və logistika imkanları üçün böyük iş aparıblar. Biz əvvəlcədən razılaşmamışdıq, amma belə alındı ki, paralel yollarla getdik. Bu da təbiidir, çünki bu, ölkələrimiz və xalqlarımız üçün zəruri olan məsələdir. Təsadüfi deyil ki, həm Türkmənistanda, həm də Azərbaycanda bu il beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda, eyni ayda - may ayında baş verib. Hərə öz ərazisində bu layihələrə sərmayə qoymağa başlayanda biz uzaqgörənliklə hərəkət etdik. Bu gün biz ticarət limanlarımızın tam inteqrasiyası haqqında danışırıq, müvafiq sənəd bu gün imzalanıb. Bu, bizim ölkələrimiz üçün əmtəə dövriyyəsini və tranzit daşımaları artırmaq imkanları yaradır. Biz qonşularımız üçün də böyük potensial yaradırıq. Bizim mühüm nəqliyyat qovşaqları kimi gələcək uğurlu inkişafımız regional vəziyyətdən də asılıdır. Buna görə də bizim qonşularımızla yaxşı münasibətlərimiz regionda təhlükəsizliyi, sabitliyi möhkəmləndirir, eləcə də Azərbaycanla Türkmənistanı mühüm nəqliyyat qovşaqlarına çevirir.
Müasir infrastruktur, nəqliyyat sahəsinə böyük sərmayələr işləmək üçün gözəl şərait yaradır. Rəqəmləri göstərmək istəmirəm, amma əminəm ki, yaxın vaxtlarda biz Türkmənistanla Azərbaycan arasında yük axınının xeyli artımını görəcəyik. Bakının Beynəlxalq Ələt Ticarət Limanında Türkmənistandan əlavə yüklərin qəbulu üçün xüsusi yer ayrılır və biz sözsüz ki, Şərq-Qərb, Qərb-Şərq marşrutları üzrə ölkələrimiz arasında tranzit yüklərin həcminin artdığını görəcəyik.
Ötən il o vaxta qədər mövcud olmayan və dünya bazarlarına çıxış əldə etmək üçün son əlaqələndirici bənd olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu, dünya bazarlarına çıxmaq üçün daha bir əlavə marşrutdur. Əminəm ki, bu marşrut ölkələrimizə böyük mənfəət gətirəcək, bütün nəqliyyat razılaşmaları paketi regionda təhlükəsizliyi möhkəmləndirəcək. Çünki nəqliyyat sahəsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi fəallığa, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bununla da sabitlik və təhlükəsizlik möhkəmlənəcək.
Biz bu gün ikitərəfli münasibətlərin ən mühüm konkret məsələlərini, regional əməkdaşlıq üçün yeni şərait yaradan məsələləri həll etdik. Buna görə də hesab edirəm ki, səfər bizim gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq.
Fürsətdən istifadə edərək, qardaş Türkmənistan xalqına sülh, tərəqqi və prezident Qurbanqulu Məlikquliyeviçin rəhbərliyi ilə daha böyük inkişaf diləyir, ona yeni uğurlar, rifah, cansağlığı arzulayıram. Diqqətinizə görə sağ olun.