Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
04 fevral 2019, 19:08
Son illərdə ölkədə dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra mühüm və genişmiqyaslı islahatlar aparılması, makroiqtisadi sabitliyin gücləndirilməsi, iqtisadi artımın dəstəklənməsi dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artmasına imkan vermişdir.
Ortamüddətli və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin gerçəkləşdirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivəni müəyyən edən büdcə qaydasının normativ hüquqi bazası formalaşdırılmış və onun tətbiqinə başlanılmışdır.
Həmçinin bu istiqamətdə növbəti büdcə islahatlarının həyata keçirilməsinə başlanılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilmişdir.
Qeyd olunanlarla yanaşı, dövlətin maliyyə resurslarının proqramlara və strateji hədəflərə uyğun icrasının təmin edilməsi, dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi, onların fəaliyyətindən gözlənilən əsas nəticələrin aydın müəyyənləşdirilməsi ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsini zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid işlərinin sistemliliyini təmin etmək və səmərəliliyini artırmaq, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olmaq məqsədilə qərara alıram:
1. Ortamüddətli xərc çərçivəsinin tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası:
1.1. “Ortamüddətli Xərc Çərçivəsi”nin, o cümlədən “Ortamüddətli Resurs Zərfi”nin və “Milli Xərc Prioritetləri”nin hazırlanması, nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçidin təmin edilməsi məqsədilə aidiyyəti tədbirlər planını (konkret icraçılar və icra müddətləri göstərilməklə) üç ay müddətində təsdiq etsin və həmin tədbirlər planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;
1.2. “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq:
1.2.1. büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi, habelə iqtisadi təsnifatının “Dövlət əsaslı vəsait qoyuluşu” köməkçi bölməsi üzrə dövlət xərclərinin səmərəliliyinin və effektivliyinin təhlilinin aparılmasını təmin etsin;
1.2.2. büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə bu Fərmanın 1.1-ci hissəsində qeyd olunmuş “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin 2021-ci il dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmasını təmin etsin;
1.3. 2021-ci il dövlət büdcəsinin tərtibi ilə bağlı nəticələr nəzərə alınmaqla, 2022-ci ilin və növbəti illərin dövlət büdcələri layihələrinin hazırlanması zamanı tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nda nəzərdə tutulmuş büdcə tərtibi prosesinin və nəticəəsaslı büdcənin formalaşması mexanizminin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmasını təmin edən müvafiq qanun layihəsini 2021-ci il yanvarın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası bu Fərmanın 1-ci hissəsində göstərilmiş işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, müxtəlif dövlət orqanlarının və qurumlarının, habelə maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə alt işçi qruplar yarada bilər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Fərmanın 1.1-ci bəndinə əsasən təsdiq olunacaq tədbirlər planında nəzərdə tutulacaq aidiyyəti tapşırıqların icrasını təmin etsinlər.
4. “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1685) 2.5-ci bəndində “2020-ci və 2021-ci illərin” sözləri “2021-ci ilin” sözləri ilə əvəz edilsin və həmin bəndə “etsin” sözündən sonra “və bu məqsədlə 2019-cu il ərzində müvafiq hazırlıq işlərini həyata keçirsin” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2019-cu il.