İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur
24 sentyabr 2011, 15:50
Prezident İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, Avropa İnkişaf Bankının vəsaiti hesabına Quba şəhərinin su və kanalizasiya şəbəkələri və qurğularının yenidən qurulması məqsədilə bu ilin avqustunda işlərə başlanılmışdır. Layihəyə uyğun olaraq Qudyalçay çayı hövzəsində yeni horizontal su mənbəyinin tikintisi, “Qəçrəş yolu” yaşayış massivində 5 min kubmetr, “Dəvədabanı” yaşayış massivində 20 min kubmetr, Nügədi yolu ərazisində isə 5 min kubmetr tutumu olan su anbarlarının tikintisi, şəhər daxilində 152 kilometr yeni magistral su və 147 kilometr yeni kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulmuşdur.
Bildirildi ki, layihəyə əsasən Quba şəhərini içməli su ilə təmin edəcək xəttin üzərində 5 min kubmetrlik su anbarı inşa olunacaqdır. Burada toplanan su növbəti mərhələdə tikiləcək 3 min kubmetrlik iki anbara ötürüləcəkdir. Bu isə həm Quba şəhər əhalisini, həm də rayonun bəzi kəndlərini fasiləsiz içməli su ilə təmin edəcəkdir. Yeni inşa olunacaq kanalizasiya xətti də şəhərin mövcud kanalizasiya probleminin həllində mühüm rol oynayacaqdır. Burada toplanan kanalizasiya suları Xaçmaz çirkab sutəmizləyici qurğusuna ötürüləcəkdir.
Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri əks etdirən stendə baxdı.
Sonra Prezident İlham Əliyev 5 min kubmetrlik su anbarının təməlini qoydu.