İlham Əliyev Qubanın Əski-İqriq kəndində beşulduzlu “Riksos” otelinin tikintisi ilə tanış olmuşdur
24 sentyabr 2011, 14:40
Prezident İlham Əliyev Qubanın Əski-İqriq kəndində beşulduzlu “Riksos” otelinin tikintisi ilə tanış olmuşdur.
Dövlət başçısı otelin tikinti layihəsinə baxdı. Bildirildi ki, obyektin ərazisi 65 hektardır. Baş plana əsasən ərazidə otel kompleksinin zirzəmi ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa ediləcəkdir. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də olacaqdır. Hazırda otel kompleksinin baş binasında monolit-dəmir beton konstruksiyalardan ibarət karkas quraşdırılır. Bununla yanaşı, ərazidə torpaq işləri görülür.
Prezident İlham Əliyev otelin tikintisini əks etdirən videoçarxa baxdı.
Dövlət başçısı, həmçinin tikintidə istifadə olunan materialların nümunələrinə baxdı, inşası başa çatdırılan kotteclərdən biri ilə tanış oldu. İkimərtəbəli kottec bütün lazımi avadanlıq və məişət əşyaları ilə təmin olunmuşdur. Burada istirahət, yataq otaqları ilə yanaşı, kiçik idman zalı da vardır.
Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.