İlham Əliyev şəhid ailələri ilə görüşüb
28 yanvar 2019, 11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli şəhid ailələrinin nümayəndələri.
Mən sizi bu gün görüşə dəvət etmişəm. İlk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi.
1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalmışdır. Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.
Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.
Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq.
Müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin.
Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.
Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir.
Artıq ödəmə prosesi başlamışdır. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur.
Təbii ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrası üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik.
Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin.
Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik. Bu gün sizi buraya, Prezident Sarayına dəvət edərək istədim ki, bu sözlərimi, bu fikirlərimi sizə özüm çatdırım. İstədim ki, bir daha sizinlə görüşüm, bir daha sizə öz təşəkkürümü, dərin hörmət və ehtiramımı bildirim. Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, siz bundan sonra həyatda heç vaxt belə dəhşətli faciələrlə üz-üzə qalmayasınız. Sağ olun.
X X X
Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etdi.
X X X
Şəhid anası İbadət ƏLİYEVA çıxış edərək dedi:
-Hörmətli cənab Prezident. İlk növbədə, biz şəhid ailələri Sizinlə bu mötəbər görüşümüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri Sizin daimi diqqətinizdəyik. Bizim dövlətimiz gündən-günə inkişaf edir, Vətənimiz, dövlətimiz möhkəmlənir, qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk. Sizin rəhbərliyinizlə Ordumuzun Aprel döyüşlərindəki qələbəsi mənə o qədər qürur verib ki, hətta özüm əlimə silah alıb bu döyüşlərə getmək istəyirdim. Hər dəfə Cocuq Mərcanlının inkişafını, qısa müddətdə bu qəsəbənin belə müasir tipli olmağını görəndə mən qürur hissi keçirirəm, çox sevinirəm. İnanıram ki, tezliklə torpaqlarımız alınandan sonra bütün bölgələrimiz, bütün şəhərlərimiz bu cür inkişaf edəcək, bu cür çiçəklənəcək.
Eyni zamanda, biz şəhid ailələrinə Sizin daim diqqətinizi və qayğınızı görürük. Biz Sizə, birinci xanım, Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Şəhid ailələrinə bu diqqət və qayğınıza, bizim sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Sizlərdən çox razıyıq.
Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular, qaya kimi dayandılar onların qabağında. Mən inanıram ki, xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi qorumağa hazırdır.
Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar və biz bunu öz üzərimizdə də görürük. Sizin imzaladığınız humanist Fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir, dayaqdır. Biz inanırıq ki, bu tədbirlər daha da çox, daha da uzunmüddətli olacaq. Bilirik ki, müharibə olan dövlətlərdə mütləq şəhidlər də olur. İnanırıq ki, biz öz torpaqlarımızı sülh yolu ilə azad edəcəyik. Biz bilirik ki, bunun üçün bizim xalqını, Vətənini, torpağını sevən belə bir Prezidentimiz var. Bizim Prezidentə mən “Çox sağ ol!” deyirəm, minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, gördüyünüz işlərdə və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
X X X
Şəhid atası Şirvan NÜSRƏTOV çıxış edərək dedi:
- Hörmətli Prezident, cənab Ali Baş Komandan. Siz Azərbaycanı qüdrətli dövlətə çevirmisiniz. Azərbaycanın güclü ordusu var. Əminəm ki, biz Qarabağ məsələsini Allahın köməyi, Sizin səylərinizlə həll edəcəyik.
Cənab Prezident, mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur. Sizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərmisiniz və göstərirsiniz. Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik. Sağ olun, var olun. Allah Sizə ömür versin.
Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.
X X X
Şəhidin həyat yoldaşı Vərziyar ƏLİYEVA dedi:
- Möhtərəm cənab Prezident. Bu gün vaxt ayıraraq biz şəhid ailələrini qəbul etdiyinizə görə şəhid polislərin ailələri adından Sizə öz təşəkkürümü bildirirəm. İmzaladığınız Fərmana görə şəhid ailələri, şəhid polislərin vərəsələri Sizə minnətdardırlar. Bu, bizim ailələrə çox böyük kömək olacaq.
Mən Xocalı aeroportunun müdafiəsi zamanı şəhid olmuş Əliyev Əbülfət Əli oğlunun həyat yoldaşıyam, özünümüdafiə batalyonunun döyüşçüsü Hüseynov Mürşüd Səməd oğlunun qızıyam. Mərhum Prezidentimiz, -Allah rəhmət eləsin, - Heydər Əliyev yoldaşımı ölümündən sonra “İgidliyə görə” medalı, atamı isə, - bütün Xocalı camaatı bilir ki, o, əlindəki beşatılanla neçə-neçə düşməni məhv edib, döyüşlərdən birində ürəyindən aldığı güllə yarasından qəhrəmancasına şəhid olub, - “Azərbaycan bayrağı” ordeni ilə təltif edib. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Bizim o məşəqqətli, yurd-yuvamızı, ailə başçılarımızı itirdiyimiz günlərdə ulu öndərimiz Heydər Əliyev bizim səsimizə, həmvətənlərimizin səsinə səs verərək hakimiyyətə gəldi və bizi böyük bəlalardan qurtardı, ən əsası isə müstəqilliyimizi qorudu, suveren bir dövlət qurdu. Amma Siz isə, möhtərəm Prezidentimiz, öz xanımınızla çiyin-çiyinə, - mən birinci xanımımız Mehriban Əliyevaya da öz təşəkkürümü bildirirəm, - çox böyük işlər görmüsünüz. Biz bütün şəhid polislərin ailələri bunları izləyirik, hər ikinizə “Sağ ol!” deyirik. Sizin gördüyünüz bütün abadlıq-quruculuq işlərini təkcə Bakıda yox, bütün regionlarda müşahidə edirik. İndi bölgələrimiz Bakıdan heç də seçilmir. Buna baxmayaraq, bəzi ünsürlər nümayişə çıxır. Biz onlara qətiyyətlə “Yox!” deyirik. Biz şəhid polislərin ailələri Sizin arxanızda möhkəm durmuşuq. Nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, bizim Prezidentimiz İlham Əliyevdir. Biz həmişə Sizin arxanızdayıq. Biz qadınlar, analar istəyirik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Əgər sülh yolu ilə olmasa, Azərbaycanın böyük, qüdrətli Ordusu var, Həcər qeyrətli qadınlarımız var. Biz Xocalıda dörd il müharibə şəraitində yaşamışıq. Atışma səsi eşidəndə biz qadınlar da həmin tərəfə yüyürürdük. Amma dörd il mühasirədə qalandan, son gülləmiz də qurtarandan sonra ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını yerlə-yeksan etdilər.
Mən uzun danışmaq istəmirəm, cənab Prezident, biz Sizin arxanızdayıq, Sizinlə qürur duyuruq. İnanırıq ki, torpaqlarımız alınacaq və biz doğma yurd-yuvamıza qayıdacağıq. Mərhum Prezidentimiz Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, biz azərbaycanlıyıq.
X X X
Şəhidin vərəsəsi Sevinc QULUZADƏ dedi:
- Möhtərəm cənab Prezident. Bizimlə bu səmimi görüş üçün Sizə təşəkkür edirik. Sizə şəxsən təşəkkür edə bildiyim üçün bir Azərbaycan vətəndaşı, bir gənc olaraq qürur hissi keçirirəm. Siz və birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Buna görə Sizə təşəkkür edirəm, Sizə və ailənizə cansağlığı, uzun ömür arzu edirəm.
Mən bu gün bir vətəndaş, bir şəhid vərəsəsi kimi bir daha əmin oldum ki, Sizin siyasətinizin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayanır. Bir daha əmin oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər şeydən üstün tutulur və Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan Prezidenti qədər yaxın olan başqa biri yoxdur. Bu gün imzaladığınız Fərmana görə mən və mənim kimi minlərlə şəhid vərəsəsi birdəfəlik ödəməni ala biləcəyik. Buna görə, əlbəttə, çox şadam, sevincimin həddi-hüdudu yoxdur. Mən Sizə həm öz adımdan, ailəmiz adından, həm də digər şəhid vərəsələri adından təşəkkür edirəm. İmzaladığınız Fərmana əsasən həm də vaxtilə sığorta ödənişi almış şəhid vərəsələri də birdəfəlik ödəmə ilə təmin olunacaqlar. Belə bir humanist qərar qəbul etdiyiniz üçün çox sağ olun.
Biz hər zaman Sizin humanistliyinizə inanmışıq. Sizin humanistliyiniz bu Fərmanda bir daha öz təsdiqini tapdı. Siz Azərbaycanımızı hər zaman böyük qələbələrə doğru aparmısınız. Bir vətəndaş olaraq bu inkişaf prosesini müşahidə etdikcə təbii ki, fəxr edirik. Ölkəmizi inkişafda, dövlətimizi güclənməkdə görmək bir gənc olaraq məndə iftixar hissi doğurur. Hazırda qardaşım əsgərdir və torpaqlarımızın keşiyində böyük şərəflə durur. Mən inanıram ki, Sizin rəhbərliyinizlə Ordumuz tezliklə Qarabağımızı azad edəcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildirirəm. Azərbaycanın əmin-amanlıq içində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzu edirəm. Çox sağ olun, möhtərəm Prezident!
X X X
Görüşə yekun vuran Prezident İlham ƏLİYEV dedi:
-Deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim.
Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Xüsusilə qeyd etməliyəm ki, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik. Vaxtilə müavinəti almış vətəndaşlar o zaman az məbləğ alıblar. O vaxt əgər biz onu dollara çevirsək, müavinət təqribən 20-50 dollar ətrafında idi. Yəni, imkanımız buna çatırdı, imkan yox idi. Ancaq bu gün 11 min manat tam başqa dəyər təşkil edir. Ona görə ölkəmizin iqtisadi inkişafı, maddi vəziyyətin yaxşılaşdırılması imkan verir ki, biz bir çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil verilib. Qeyd etdiyim kimi, bütün şəhid ailələri mənzillərlə təmin olunacaqlar, ardıcıllıqla, artıq proqram tutulur.
Ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur. Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin.
Bilirsiniz, biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları var. Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir. Çünki biz iqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək və vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Ağır vəziyyətdə yaşayan vətəndaşlara biz imkan daxilində kömək göstəririk. Biz evini, eşiyini, torpağını itirmiş vətəndaşlar üçün şəhərciklər salırıq, evlər tikirik, onlara mənzillər veririk. Bu gün hələ də öz maddi imkanlarını lazımi səviyyədə təmin edə bilməyən vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir.
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb. Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib.
Bu gün çıxışlarda Cocuq Mərcanlıdan danışıldı. Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib. Cocuq Mərcanlının abadlaşdırılması, yenidən qurulması hərbi qələbə nəticəsində mümkün olmuşdur. Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər. Bu işğalın səbəbləri haqqında Azərbaycan ictimaiyyəti yaxşı bilir. Onun başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan xəyanətkar, satqın, səriştəsiz, biliksiz adamlardır. Onlar öz aralarında mübarizə, müharibə apararaq imkan verdilər ki, düşmən torpaqlarımızı zəbt etsin. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır.
Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.