İlham Əliyev Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur
23 sentyabr 2011, 18:00
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılmışdır. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur. Muzeydə olan beş fəvvarə yenidən qurulmuş, ərazidə bulaq kompleksi inşa edilmişdir.
Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.