“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
21 dekabr 2018, 19:25
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193, 2018, № 5, maddə 865) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda, 5.3-cü, 20.30-cu və 22-1-ci maddələr əlavə edilsin:
“5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
“20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.”;
“Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri
22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.
22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır:
22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;
22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır;
22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır.
22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir:
22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı;
22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı;
22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı;
22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.”;
1.3. 28-ci maddə ləğv edilsin;
1.4. 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilsin;
1.5. 31.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.”;
1.6. 32.1-1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.”;
1.7. aşağıdakı məzmunda 32.1-2-ci maddə əlavə edilsin:
“32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.”.
Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2018-ci il.