“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
21 dekabr 2018, 17:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 36, № 11, maddə 2025, № 12 (I kitab), maddə 2327; 2018, № 8, maddə 1684) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci – on səkkizinci abzaslar müvafiq olaraq 2.1 – 2.17-ci bəndlər hesab edilsin;
2.2. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.1.32-ci, 1.1.32-2-ci,” sözləri əlavə edilsin və həmin bənddə “, 19.6-cı” sözləri “maddələrində, 18.3-cü maddəsinin ikinci cümləsində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində, 19.6-cı, 20.2-ci” sözləri ilə əvəz edilsin;
2.3. 2.6-cı bənddən “19.2-ci (birinci halda),” sözləri çıxarılsın;
2.4. 2.14-cü bəndə “maddələrində” sözlərindən sonra “, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində” sözləri əlavə edilsin;
2.5. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə, aşağıdakı məzmunda 2.18-ci və 2.19-cu bəndlər əlavə edilsin:
“2.18. həmin Qanunun 18.3-cü maddəsinin ikinci cümləsində və 20.2-ci maddəsinin beşinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;
2.19. həmin Qanunun 1.1.32-ci və 1.1.32-2-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2018-ci il.