Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
20 dekabr 2018, 10:30
Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi təşkil edilmiş, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir. Ötən 14 il ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirmiş, güzəşt tətbiq edilməklə istehsalçılara lizinqə vermiş və ya satmışdır. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilsin.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsin.
4. Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) müvafiq hesabına köçürülsün.
5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcıllıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.
7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
7.1. kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalarla bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasını, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. bu Fərmanın 2–4-cü hissələrinin icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görsün və görülən işlər, habelə Agentliyin və Cəmiyyətin fəaliyyətinin nəticələri barədə bir il ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2018-ci il.