Çingiz Fərzəliyevdən, Bakı, Azərbaycan
28 noyabr 2018, 18:30
Çox hörmətli Mehriban xanım.
Yetmiş beş illik yubileyimi qeyd etdiyim bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağım məni, ailəmi, həmkarlarımı, rəhbərlik etdiyim muzeyin kollektivini hədsiz sevindirdi. Azərbaycan təsviri sənətinin inkişafı istiqamətindəki əməyimin yüksək qiymətləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Siz uzun illər deputat, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri qismində çoxşaxəli fəaliyyətinizlə və hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi digər sahələrlə yanaşı, mədəniyyətin inkişafına da misilsiz töhfələr vermisiniz. Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğində, mədəni irsimizin nadir nümunələrinin beynəlxalq təşkilatlarda təqdim edilməsində, ölkəmizin mədəniyyətlərarası dialoqun mənəvi zənginlik mənbəyi olan tolerant bir məkan kimi tanınmasında xidmətləriniz əvəzolunmazdır. Azərbaycan mədəniyyətinin hamisi kimi nəcib bir missiyanı üzərinizə götürərək, Siz milli mədəniyyətimizin qorunması, inkişafı və təbliği sahələrində möhtəşəm uğurlara imza atmısınız. Mədəniyyət xadimlərinə göstərdiyiniz dəstək və qayğını ailəmin və şəxsən özümün timsalında daim hiss edirəm.
Bütün yaradıcı, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyətimlə müqəddəs bir amala – Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği işinə vicdanla xidmət etmişəm. Sizin mənə göstərdiyiniz böyük diqqət və qayğı, əməyimə verdiyiniz yüksək dəyər məni mədəniyyət və incəsənətimizin tərəqqisi üçün bundan sonra da var qüvvəmlə çalışmağa, yeni zirvələr fəth etməyə ruhlandırır.
Çox hörmətli Mehriban xanım, mənə göstərdiyiniz böyük dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, müstəqil Azərbaycanımızın nurlu sabahı naminə möhtəşəm fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Fərzəliyev Çingiz, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi.
Azərbaycan Respublikası, Bakı şəhəri.