Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
22 noyabr 2018, 16:35
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar, qonaqlar, hörmətli səfirlər.
Mən möhtərəm İlham Heydər oğluna və onun nümayəndə heyətinin üzvlərinə bir daha səmimi minnətdarlığımı və təşəkkürümü bildirmək istərdim. Onlar bizim dəvətimizi qəbul edərək öz qonşularının, qardaşlarının ölkəsinə rəsmi səfərə gəliblər və biz bu gün onları qonaqpərvər Türkmənistanda görməyə şadıq.
Demək istəyirəm ki, bu gün biz həqiqi qardaşlar kimi qarşılıqlı hörmət şəraitində çox yaxşı danışıqlar apardıq, ikitərəfli əməkdaşlığımızın, regional və beynəlxalq xarakterli məsələlərin çox böyük aspektini müzakirə etdik. Biz bütün aspektlərə aid 21 sənəd imzaladıq. Buraya həm humanitar, həm də istehsalat istiqamətləri daxildir. Ən başlıcası, biz, əlbəttə, nəqliyyat məsələlərinə çox böyük diqqət yetirdik.
Ümumiyyətlə, biz İlham Heydər oğlunun təşəbbüsü ilə Xəzərə aid məsələləri nəzərdən keçirdik. Bildiyiniz kimi, biz Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanı artıq qəbul etmişik. Odur ki, biz nəqliyyat-tranzit dəhlizinin düzgün logistikasını tərtib etməliyik. Bundan sonra biz həmin mövzunu lobbiləşdirməyə başladıq və yeri gəlmişkən, yəqin Siz də bilirsiniz ki, bu təşəbbüsə dair Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri qəbul edilib. Hətta nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, düzgün logistika barədə 3 qətnamə qəbul edilib. Noyabrın 28-də məhz nəqliyyat-tranzit dəhlizlərinin inkişafı mövzusunda konfrans keçiriləcək və elə indi bütün hörmətli səfirlərimizi həmin konfransa dəvət edirəm.
Məntiqlə yanaşsaq, coğrafi baxımdan həm Türkmənistan, həm də Azərbaycan bu məsələdə əsas ölkələrdir. Yəqin ki, Böyük İpək Yolunu xatırlamağa və onun haqqında danışmağa ehtiyac yoxdur, çünki bu il Türkmənistanda “Böyük İpək Yolu İli” elan edilib. Ümumiyyətlə, bugünkü görüşdə biz bunu qeyd etməkdən başladıq ki, Türkmənistan və Azərbaycan xalqları tarixən həmişə zəngin millətlər olub. Onların həmişə güclü ehtiyat potensialı olub və bu potensialdan həm öz xalqlarının, həm də qonşularının, regionun rifahı naminə istifadə ediblər. Sevindirici haldır ki, bu gün biz bunu müasir mərhələdə davam etdiririk.
Bir daha qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik.
Mən öz qardaşlarıma ən səmimi sözlərimi dedim. Qoy, dostluğumuz əbədi olsun. Sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli cənab prezident.
Əziz dostlar, xanımlar və cənablar.
Mənim qardaş Türkmənistana rəsmi səfərim sona çatır. Qardaş Türkmənistan torpağına gəldiyim ilk dəqiqələrdən türkmən xalqının səmimiyyətini və qonaqpərvərliyini, əlbəttə ki, ilk növbədə, Türkmənistan Prezidentinin qayğısını hiss etdim.
Dünən mən türkmənlər üçün müqəddəs yerlərdə oldum. Bu xalqın nə qədər istedadlı, onun tarixinin və mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha gördüm. Əsrlər boyu türkmən xalqı öz torpağında yaşayıb, qurub-yaradıb, öz gələcəyini qurub. Biz azərbaycanlılar həmişə sizin yanınızda olmuşuq. Bizim dostluğumuzun, qardaşlığımızın çoxəsrlik tarixi var. Bu, qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı dəstək, əməkdaşlıq tarixidir.
Türkmənistan son illərdə çox böyük yol keçib. Dünən müxtəlif obyektlərdə - idman kompleksində, xalça muzeyində olarkən mən Aşqabadı tanımadım. Çünki mənə elə gəlirdi ki, tamamilə başqa şəhərə gəlmişəm. Mənim burada olmadığım qısa müddət ərzində sanki şəhər içində şəhər yaradılıb. Bu, Türkmənistan dövlətinin qüdrətinin, onun iqtisadi potensialının göstəricisidir. Amma bu, ilk növbədə, ölkə rəhbərliyinin öz xalqının qayğısına qalmasını, inkişaf üçün göstərdiyi səyləri nümayiş etdirir. Bu gün Aşqabadda olarkən Türkmənistanın son illərdə necə inkişaf etdiyini görürsən. Bu, bizi sevindirir. Biz dost və qardaş kimi sizin uğurlarınıza sevinirik. Ölkələrimizin daha da yaxınlaşması üçün öz tərəfimizdən səy göstərmişik və göstərəcəyik.
Hörmətli Qurbanqulu Məlikquliyeviç, biz xalqlarımızın ənənəvi qardaşlıq və dostluq tellərinin daha da möhkəmlənməsi üçün çox iş görürük. Bunu bizə tarix, xalqlarımızın tarixi, ümumi etnik kökləri diktə edir. Bugünkü reallıq da bunu diktə edir. Bu gün bizim maraqlarımız üst-üstə düşür. Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda, Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir.
Biz regionda qarşılıqlı əməkdaşlıqdan, bu dəhlizin fəaliyyətindən ölkələrimizin, xalqlarımızın, qonşularımızın böyük fayda götürəcəyi tamamilə yeni vəziyyət yaradırıq. Bu, həyat arteriyası kimi ölkələrimizi yeni enerji ilə qidalandıracaq, yeni iş yerləri yaradacaq, yeni istehsalat sahələrinin qurulmasına doğru aparacaq, təhlükəsizliyi, əməkdaşlığı möhkəmləndirəcək.
Bu gün mən səfərimin yekunlarını təhlil edərək görürəm ki, səfər dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək. Avropa ilə Asiyanın nəqliyyat dəhlizlərinin birləşdirilməsi artıq reallıqdır. Bu reallığı biz yaradırıq. Əgər həm Türkmənistanda, həm də Azərbaycanda quruculuq, inkişaf yolları üzrə addımlar atılmasaydı, onda bu barədə söhbət aparmaq da ümumiyyətlə mümkün olmazdı. Əgər ölkələrimizin iqtisadi potensialına vaxtında yönəldilən sərmayələr olmasaydı, onda bu gün coğrafi vəziyyətimizin böyük əhəmiyyəti olmazdı. Biz öz coğrafiyamızı ölkələrimiz və qonşularımız üçün böyük potensiala çevirmişik. Buna görə düşünürəm ki, bizim razılaşdığımız məsələlərin əhəmiyyəti onilliklər boyu özünü göstərəcək.
Ən başlıcası, biz bu gün münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Hörmətli Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Bu gün biz öz işimizlə münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Dostlar, qardaşlar arasında belə də olmalıdır. Bu gün biz münasibətlərimizi ən yüksək zirvəyə qaldırırıq. Hörmətli dostuma, Türkmənistan Prezidentinə ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsindəki səylərinə görə təşəkkür etmək istəyirəm. Hörmətli Qurbanqulu Məlikquliyeviçə uğurlar, cansağlığı, rifah, qardaş türkmən xalqına xoşbəxtlik və tərəqqi arzulayıram. Sağ olun.