Əbil Zeynalov və başqalarından, Qaradağ, Azərbaycan
16 noyabr 2018, 15:40
Hörmətli Mehriban xanım.
Bu məktubu Sizə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksindən - məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədən yazırıq.
Bizim hər birimiz Qaradağ müharibəsinin ağrı-acısını çəkmişik və bu gün də doğma yurdun həsrəti ilə yaşayırıq. Aramızda torpaqlarımızın erməni təcavüzündən müdafiəsində iştirak etmiş müharibə əlilləri və veteranları, həmçinin şəhid valideynləri var. Torpaqlarımızın işğalından sonra müvəqqəti olaraq Bakı şəhərinə sığınmaq məcburiyyətində qalmış, burada köçkünlüyün bütün məhrumiyyətlərini görmüşük.
Uzun illər Yasamal rayonu ərazisində, çətin şəraiti olan binalarda yaşamışıq. Vəziyyətimiz dözülməz, əzab-əziyyətimiz çox olsa da, ruhdan düşməmişik. Ulu öndər Heydər Əliyevin biz məcburi köçkünlər üçün müəyyənləşdirdiyi, sonralar cənab Prezidentin daha da gücləndirdiyi dövlət təminatlarından yararlanmışıq, dövlətimizin bizə daim həyan olmasından razı qalmışıq.
Biz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün cənab Prezidentin həyata keçirdiyi tədbirləri daim alqışlayır, yeni salınan qəsəbələrin bizimlə eyni taleni yaşayan həmvətənlərimizin həyatını necə dəyişdiyini görürdük. Təbii ki, nə vaxtsa bizim də növbəmizin çatacağına ümid bəsləyirdik.
Bakıda çətin şəraitdə yaşayan məcburi köçkünlərin mənzillə təmin edilməsi üçün cənab Prezidentin qətiyyətli mövqeyi sayəsində, Birinci vitse-prezident kimi şəxsən Sizin tapşırığınız əsasında həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə 140 ailənin məskunlaşdığı tikililər də köçürülmə obyekti kimi qeydiyyata alındı. Şəffaflıq və ədalətlilik prinsipləri əsasında, ailə vəziyyətimizə və mövcud qaydalara uyğun şəkildə biz Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində tam təmirli, məişət avadanlıqları ilə təchiz olunmuş yeni mənzillərlə təmin edildik, dövlət hesabına həmin mənzillərə köçürüldük. Burada bizim üçün layiqli həyat şəraiti mövcuddur. Hər birimizin rahatlığı, övladlarımızın təhsili, yaşlıların istirahəti üçün hər cür şərait yaradılıb.
Çox hörmətli Mehriban xanım, bütün bunlara görə cənab Prezidentimizə və şəxsən Sizə minnətdarıq.
Əminik ki, doğma Qarabağımız və işğal altındakı digər torpaqlarımız cənab Prezidentimizin apardığı məqsədyönlü, qətiyyətli siyasət sayəsində tezliklə azad ediləcək. Bu məktubu imzalayan veteranlar Ali Baş Komandanın sadiq əsgəri kimi onun əmri ilə düşmənlə döyüşə getməyə daim hazırdırlar. İşğaldan azad ediləcək doğma yurd yerlərimizə qayıdacağımız günü gözləyirik və tezliklə bu günü görəcəyimizə inanırıq.
Cənab Prezidentə və Sizə bir daha dərin təşəkkürümüzü bildirir, müstəqil dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın sabitlik, əmin-amanlıq və təhlükəsizlik şəraitində, rifah içində yaşaması naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Zeynalov Əbil
Əliyev Vaqif
Baxşəliyev İman
İbrahimov Nazir
Seyidəliyev Bəxtiyar
Həsənov Nazim
Sərxanov Sabit
Əbdülhüseynov Etibar
Məmmədov Sakit
Quliyeva Siyahı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.