İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
12 sentyabr 2011, 17:30
Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanı qəbul etmişdir.
Baş direktor xanım Marqaret Çan Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının ölkəmizdə yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Azərbaycana bundan əvvəlki səfərlərini məmnunluqla xatırlayan xanım Marqaret Çan ötən dövr ərzində ölkəmizdə yüksək inkişafın şahidi olduğunu qeyd etdi. O, dünyanın 53 ölkəsini təmsil edən nümayəndə heyətlərinin bu tədbirdə iştirakının ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq baxımından önəmini qeyd etdi.
Dövlət başçısı Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan nümayəndə heyətlərinin Azərbaycanla, o cümlədən ölkəmizdə səhiyyə sahəsində görülən işlərlə yaxından tanış olması üçün bu tədbirin yaxşı fürsət yaratdığını bildirdi. Dövlət başçısı Dünya Səhiyyə Təşkilatının Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dünya Səhiyyə Təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.