Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
07 sentyabr 2011, 17:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:
1. 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2011-ci il.