İlham Əliyev Uruqvay Nümayəndələr Palatasının sədrini qəbul edib
25 oktyabr 2018, 16:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul edib.
Dövlət başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, onun bu tədbirdə iştirakı Uruqvayın həm Foruma verdiyi dəstəyin əlamətidir, həm də ikitərəfli münasibətlərimizin inkişafına olan marağının göstəricisidir. Prezident İlham Əliyev Uruqvayın Forumda yüksək səviyyədə təmsil olunmasını əməkdaşlığımızın gözəl təzahürü kimi qiymətləndirdi. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimizi bir-birinə dostluq əlaqələri bağlayır, yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələri daha da gücləndirir. Azərbaycan xarici işlər nazirinin Uruqvaya səfər etdiyini qeyd edən Prezident İlham Əliyev bu səfərlərin əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq üçün böyük əhəmiyyət daşıdığını dedi. Qarşılıqlı səfərlərin əməkdaşlığımızın gələcəyinin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıdığını vurğulayan dövlətimizin başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin ölkəmizə bu səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsinin aparılacağına əminliyini bildirdi.
Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandini VI Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, Forumun uzun illərdir ki, mütəmadi olaraq yüksək səviyyədə keçirildiyini dedi və bu münasibətlə təbriklərini çatdırdı. Öz növbəsində, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Xorxe Qandini bu cür səfərlərin əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını vurğuladı.