İlham Əliyev Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuşdur
07 sentyabr 2011, 16:00
Prezident İlham Əliyev Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak etmişdir.
Dövlət başçısına və xanımı Mehriban Əliyevaya bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Qeyd olundu ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılmışdır. Layihənin məqsədi qəsəbə ərazisində yaranmış tullantıların kompleks idarə olunmasını - yığılması, daşınması və təkrar emalı proseslərinin müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə su xətti çəkilmiş, 15 bulaq istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva əvvəlcə Qala İnformasiya Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, mərkəz vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektromobillər, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər.
Sonra dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı Qala parkında görülmüş işlərlə tanış oldular, parkın ilkin və indiki görünüşünü əks etdirən stendə baxdılar. Bildirildi ki, buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazi təmizlənərək abadlaşdırılmışdır. Ərazidə torpaq üç metr dərinliyində qazılaraq mazut və digər tullantılardan təmizlənmiş, yeni torpaq örtüyü ilə əvəzlənmişdir. Parkda geniş yaşıllaşdırma işləri aparılmış, 170 min ağac və bəzək bitkiləri əkilmişdir. Parkın ərazisində uşaqların maraqlı istirahəti üçün əyləncə meydançası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala parkında ağac əkdilər.
Sonra dövlətimizin başçısı XII-XIV əsrə aid Qum hamamı ilə tanış oldu. Məlumat verildi ki, Qum hamamında nadir qaz və su kəmərlərinin, kanalizasiya sisteminin mövcudluğu xalqımızın məişət mədəniyyətinin qədim və yüksək olduğunun göstəricisidir.
Etno-Ekoloji Mərkəzlə tanışlıq zamanı bildirildi ki, əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mərkəzdə hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, XIX əsrdə dəyirman kimi istifadə olunan binada sovet dövründə klub, daha sonra uşaq bağçası fəaliyyət göstərmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış oldular. Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid iki yeraltı yol, XVIII əsrə aid təndir Qala abidə kompleksində nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunmuşdur.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda XIII-XIV əsrlərə aid qızıl pullar, XII-XIII əsrlərə aid qızıl qolbaq qalıqları, X-XVI əsrlərə aid keramika nümunələri sərgilənir. Burada, həmçinin e.ə. III-II minilliyə aid qadın, kişi və heyvan fiqurlarının, digər fraqmentlərin həkk olunduğu təsvirlər nümayiş etdirilir.
Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında Qala Əntiq Əşyalar Muzeyi yaradılmışdır.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, muzeydə 800 eksponat nümayiş etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı, Mehriban xanım Əliyeva xatirə kitabını imzaladı.
Sonra dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoran ilə tanış oldular. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olacaqlar. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinetdə turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.