İlham Əliyev İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib
22 oktyabr 2018, 13:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, İmişli Bayraq Kompleksinin ərazisində yerləşən muzey binasının inşasına ötən il başlanıb və tikinti işləri bu ilin sentyabr ayında başa çatdırılıb. Ümumi ərazisi 8000 kvadratmetr olan muzey binası sərgi zalından, elektron kitabxana, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında, ümumilikdə, 3 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Liderin andiçmə mərasiminə dair fotoşəkillər, onun dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Dövlət Bayrağı Meydanının açılışı mərasimlərinə dair fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir.
Onu da deyək ki, İmişli Bayraq Muzeyinin yerləşdiyi meydanda dirəyinin hündürlüyü 100 metr olan dövlət bayrağı ucaldılıb. Bayraq dirəyinin postamentində Azərbaycan Respublikasının gerbi və ümummilli lider Heydər Əliyevin kəlamları əks olunub. İmişli Bayraq Kompleksi Prezident İlham Əliyevin 2012-ci il oktyabrın 28-də İmişli rayonuna səfəri zamanı istifadəyə verilib.
Qeyd edək ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın və dövlətin maraqlarına uyğun müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan, beynəlxalq nüfuzu gündən-günə artan, dünya və region əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifi olan suveren ölkəmizin üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fərəh hissi doğurur.