İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
18 oktyabr 2018, 10:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin zəngin tarixə malik olduğunu bildirdi və bu gün ikitərəfli münasibətlərimizin bütün sahələri əhatə edərək uğurla inkişaf etdiyini dedi. Ölkələrimizin ikitərəfli və çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev son illər birgə səylər nəticəsində əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında siyasi sahədə fəal qarşılıqlı fəaliyyətin mövcud olduğunu dedi, ölkələrimizin digər istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika, mədəniyyət sahələrində də əlaqələrinin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar bizim uzun əsrlik qardaşlıq əlaqələrimizə əsaslanır və biz münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq. Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan və eləcə də xalqlarımız arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirərək Rəşid Meredovun səfərinin qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ehtiramını dövlətimizin başçısına çatdırdı. Xarici işlər naziri Rəşid Meredov bildirdi ki, Türkmənistan dövlətinin başçısı Prezident İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmək barədə tapşırıq verib və o, Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunu dövlətimizin başçısına təqdim etdi.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını və ən səmimi arzularını Türkmənistan Prezidentinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın və Türkmənistanın dövlət başçıları arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin münasibətlərinin inkişafında mühüm amildir.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.