İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
05 sentyabr 2011, 14:00
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Filipp Lefortu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Avropa İttifaqı ilə region ölkələri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ketrin Eştonun region ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərdiyini dedi.
Dövlət başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ketrin Eştona çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.