İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
15 oktyabr 2018, 18:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bu muzeyin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin avqustunda başa çatdırılıb.
Bildirildi ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.
Bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir. Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir.