İlham Əliyev 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
02 sentyabr 2011, 17:00
Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 nömrəli orta məktəblərin, 244 nömrəli uşaq bağçasının binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəbləri binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsinə gəldi. Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 33 nömrəli məktəb 2002-ci ildə inşa edilib. 168 şagird yerlik məktəbdə 267 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Şagird sıxlığı nəzərə alınaraq 33 nömrəli məktəb üçün əlavə 200 şagird yerlik yeni korpus inşa edilib.
Sonra Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 125 nömrəli orta məktəbə gəldi. 340 şagird yerlik bu məktəbdə 555 şagirdin təhsil aldığı, dərslərin iki növbədə tədris olunduğu bildirildi. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif otağının inşa edildiyi qeyd olundu.
Daha sonra Prezident İlham Əliyev Buzovnadakı 244 nömrəli uşaq bağçasında həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanış oldu. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verildi. Bildirildi ki, uşaq bağçasının binası qəza vəziyyətində olduğundan sökülərək yenidən inşa olunub. 60 nəfər uşaq üçün nəzərdə tutulan bağçada üç qrup fəaliyyət göstərəcəkdir. İnşa olunmuş yeni binada ən müasir tələblərə uyğun bütün şərait yaradılacaqdır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tövsiyələrini verdi.