İlham Əliyev Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışında iştirak edib
11 oktyabr 2018, 12:45
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirdilər ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.
“Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyillərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbedici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. “ABAD Gastro Village” kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba “ABAD Factory”nin önündə təşkil edilmiş “Food truck park”ındadır. Burada dönər, bürger, şirniyyat və pizzaların hazırlanması və satışı nəzərdə tutulub.
“Quba ABAD Factory” və “ABAD Gastro Village” komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.