İlham Əliyev Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur
01 sentyabr 2011, 20:00
Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə yaradılan şəraitlə tanış olmuşdur.
Görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Bildirildi ki, 1949-cu ildə inşa edilən və 1950-ci ildə istifadəyə verilən uşaq bağçası 80 yerlikdir. Binanın ümumi sahəsi 748, həyətyanı sahəsi isə 3200 kvadratmetrdir. Bağçanın həyətində uşaqların əylənməsi üçün ən müasir attraksionlar quraşdırılıb. Uşaq bağçası üçün mətbəx və camaşırxana yenidən inşa edilib və müasir avadanlıqla təchiz olunub.
Əsaslı təmir və bərpa işlərindən sonra uşaq tərbiyə müəssisəsində yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev uşaq bağçasında tələbatın çox olduğunu nəzərə alaraq burada əlavə korpusun inşa edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yerindəcə tapşırıqlar verdi.
259 nömrəli uşaq bağçasında həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Molla Cüma küçəsində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulmuş parkda yaradılan şəraitlə də tanış oldu. Görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Bildirildi ki, parkın ərazisində yeni yaşıllıq zolaqları salınıb, bəzək və gül kolları əkilib, müasir fəvvarələr quraşdırılıb. Parkda işıqlandırma sisteminin ən müasir tələblərə uyğun şəkildə yenidən qurulduğu qeyd olundu. Burada sakinlərin istirahəti üçün lazım olan bütün şəraitin yaradıldığı bildirildi.