İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
03 oktyabr 2018, 15:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib.
Səfir Milan Ekert fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Milan Ekert etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin səviyyəsindən və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə etdi, eyni zamanda, əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından da önəmini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz həyata keçirilən əməkdaşlığın digər sahələrdə də yaxşı nəticə verməsində maraqlıdır və dövlətimizin başçısı buna nail olunacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev bu baxımdan parlamentlərarası, hökumətlərarası, biznes icmaları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu işə yaxşı töhfə verə biləcəyini vurğuladı. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Fövqəladə və səlahiyyətli səfir Milan Ekert ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi, bu il həm Azərbaycanda, həm də Çexiyada respublika yaranmasının 100 illiyinin qeyd edilməsinin əlamətdar hadisə olduğunu dedi. Səfir vurğuladı ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində ikitərəfli münasibətlərimizin inkişafında böyük nəticələr əldə edilib. Milan Ekert səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.