İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
28 sentyabr 2018, 10:50
Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək qonaqları salamladı və iclasın işinə uğurlar arzuladı. Qeyd etdi ki, ötən dövrdə ənənələrə uyğun olaraq ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib.
Tacikistan Prezidenti ölkəsinin MDB çərçivəsində fəaliyyəti barədə məlumat verdi. Prezident Emoməli Rəhmon Tacikistanın Şuraya sədrliyi dövründə müxtəlif sahələr üzrə 40 iclasın keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, ötən dövrdə terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini təşkil edib. “MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq müsbət nəticələr verib”, - deyən Tacikistan Prezidenti humanitar sahənin inkişafına da xüsusi diqqət yetirildiyini vurğuladı.
Emoməli Rəhmon iclası açıq elan etdi.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şura iclasının gündəliyi barədə məlumat verdi.