Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


26 sentyabr 2018, 18:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2018-ci il.