İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25 sentyabr 2018, 17:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda təşkilindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Nümayəndə heyətinin üzvləri ölkəmizdə gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğuladılar və təbriklərini çatdırdılar. Xüsusi Olimpiya Hərəkatının 50 illik tarixə malik olduğunu və dünyanın 172 ölkəsini əhatə etdiyini deyən Timoti Şriver Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunan Forumun Bakıda təşkil edilməsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına, o cümlədən Formula-1 və hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatına və eləcə də digər mühüm yarışlara ev sahibliyi etməsini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Xüsusi Olimpiya Hərəkatına və Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmnunluğunu bildirdi, Xüsusi Olimpiya Hərəkatının 50 illiyi və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bütün dünyanı əhatə edən və özündə 5 milyona yaxın insanı birləşdirən bu hərəkatın əqli və fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması işinə verdiyi dəstəyin önəmini qeyd etdi və Azərbaycanda bu istiqamətdə mühüm tədbirlərin, o cümlədən bir sıra sosial proqramların həyata keçirildiyini vurğuladı.
Sonda xatirə şəkli çəkdirildi.