İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25 sentyabr 2018, 10:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Bakıda əməkdaşlığımızın gələcək imkanlarının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək görüşlərin əhəmiyyətini qeyd etdi. Daha sonra qonaq Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələrinin önəmini vurğuladı.
Dövlətimizin başçısı TAP və TANAP layihələrinə verdiyi maliyyə dəstəyinə görə Avropa İnvestisiya Bankına təşəkkürünü bildirdi. Prezident İlham Əliyev artıq TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirildiyini, TAP layihəsi üzərində isə işlərin davam etdirildiyini vurğulayaraq bunları əməkdaşlığımızın çox yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazırkı səviyyəsi və mövcud olan əlverişli biznes mühiti ölkəmizi sərmayə qoyuluşu üçün cəlbedici edib. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş planların olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu dedi.
Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfatı, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıldı.