Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27 avqust 2018, 18:09
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1288) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “Komissiya” sözü “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” sözləri ilə, “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə, “Elxan Mikayılov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin nümayəndəsi” sözləri ilə əvəz edilsin;
1.2. 2.1-ci bənddən “bu Sərəncamın 1-ci bəndində qeyd olunan dövlət qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində” sözləri çıxarılsın;
1.3. 3.1-ci bənd ləğv edilsin.
2. “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalının beş ay müddətində yaradılmasını təmin etsin;
3.5. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müraciəti əsasında müvafiq maliyyələşmənin həyata keçirilməsini təmin etsin;
3.6. bu Sərəncamın 3.4-cü bəndində nəzərdə tutulmuş internet portalının yaradılması ilə bağlı maliyyələşmənin təmin edilməsi üçün müvafiq tədbirlər görsün;
3.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2018-ci il.