Ortamüddətli xərclər çərçivəsinin hazırlanması QAYDASI
24 avqust 2018, 19:42
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 24 avqust tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 3.7.3-cü yarımbəndinə uyğun olaraq hazırlanmışdır və müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən ortamüddətli xərclər çərçivəsinin (bundan sonra – OMXÇ) hazırlanması qaydasını müəyyən edir.
1.2. OMXÇ-ni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) hazırlayır.
2. Əsas anlayışlar
2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. ortamüddətli xərclər çərçivəsi – büdcə tərtibinin strateji mərhələsi olmaqla icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin prioritetləşdirilməsi, təqdim edilməsi və idarə olunması məqsədi ilə təşkil olunan, ortamüddətli resurs zərfinin və milli xərc prioritetlərinin uyğunlaşdırılmasını təmin edən institusional tədbirlərin məcmusu;
2.0.2. ortamüddətli xərclər çərçivəsi sənədi – büdcə tərtibi prosesinin OMXÇ mərhələsində hazırlanan və ortamüddətli resurs zərfini, ortamüddətli büdcə siyasətini, o cümlədən milli xərc prioritetlərini özündə əks etdirən strateji büdcə planı;
2.0.3. ortamüddətli resurs zərfi – növbəti il və sonrakı üç il üçün icmal büdcənin və dövlət büdcəsinin hesablanmış gəlir və daxilolmalarının məcmusu;
2.0.4. ortamüddətli büdcə siyasəti – növbəti il və sonrakı üç il üçün respublikanın mövcud iqtisadi vəziyyətini təsvir edən və büdcə-vergi siyasətinin əsas məqsədlərini, həmçinin milli xərc prioritetlərini əks etdirən bəyanat;
2.0.5. yeni siyasət təşəbbüsləri – növbəti il və sonrakı üç ilə icmal büdcənin və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təklif olunan yeni layihələr, dövlət proqramları və islahat tədbirlərindən irəli gələn cari və əsaslı xərclər;
2.0.6. milli xərc prioritetləri – ölkənin ortamüddətli və uzunmüddətli hədəflərinə əsaslanan xərc istiqamətləri;
2.0.7. büdcə təşkilatlarının sektor strateji planları – büdcə təşkilatlarının Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi üzrə tədbirləri, o cümlədən maliyyələşmə mənbələrini nəzərdə tutan sənəd.
3. Ortamüddətli xərclər çərçivəsinin məqsədi
3.0. OMXÇ-nin əsas məqsədləri aşağıdakılardır:
3.0.1. makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi;
3.0.2. dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi;
3.0.3. fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılması.
4. OMXÇ-nin hazırlanması
4.1. Büdcənin tərtibi prosesi aşağıdakı iki ardıcıl mərhələyə bölünür:
4.1.1. büdcə tərtibinin strateji mərhələsi olan OMXÇ mərhələsi;
4.1.2. texniki və ya illik büdcə tərtibi mərhələsi. Bu Qayda yalnız büdcə tərtibi prosesinin birinci mərhələsini əhatə etməklə, büdcə tərtibi prosesində OMXÇ sənədinin hazırlanması prosesini müəyyənləşdirir. İllik büdcə tərtibini nəzərdə tutan ikinci – texniki mərhələ isə hazırda tətbiq olunan “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
4.2. OMXÇ-nin hazırlanması prosesi Maliyyə Nazirliyi tərəfindən OMXÇ-nin hazırlanması üzrə təfsilatlı təlimatların təsdiq edilərək, fevral ayının 15-dək büdcə təşkilatlarına göndərilməsi ilə başlanır.
4.3. Mart ayının 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi) cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnoz göstəricilərini hazırlayır və Maliyyə Nazirliyinə təqdim edir. Proqnozların koordinasiyalı şəkildə hazırlanması məqsədi ilə aşağıdakı məlumatlar fevral ayının 5-dək İqtisadiyyat Nazirliyinə təqdim edilir:
4.3.1. Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlar:
4.3.1.1. dövlət büdcəsinin əsas icra göstəriciləri, növbəti il və sonrakı üç il üçün ilkin proqnoz göstəriciləri;
4.3.1.1.1. gəlirlər, o cümlədən neft və qeyri-neft gəlirləri (tədiyə növləri üzrə) və Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (bundan sonra – Neft Fondu) dövlət büdcəsinə transfertin yuxarı həddi;
4.3.1.1.2. xərclər, o cümlədən cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclər;
4.3.1.1.3. dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri;
4.3.1.1.4. dövlət büdcəsinin xarici valyutada olan xərcləri barədə məlumat;
4.3.1.1.5. ortamüddətli dövr üzrə dövlət borcu ilə bağlı göstəricilər, o cümlədən birbaşa dövlət borcu və verilmiş dövlət zəmanətlərinin həcmi, dövlət borcalmaları və borc üzrə ödənişlər;
4.3.2. Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) təqdim etdiyi məlumatlar:
4.3.2.1. pul siyasətinin növbəti və sonrakı üç il üçün başlıca istiqamətləri və strateji çərçivəsi;
4.3.2.2. monetar sektor üzrə ətraflı faktiki statistik məlumatlar (pul bazası, pul aqreqatları, pul icmalı, Mərkəzi Bankın analitik balansı, həmçinin Mərkəzi Bankın əməliyyatları);
4.3.2.3. tədiyə balansı üzrə ətraflı faktiki statistik məlumatlar (cari hesab, kapital hesabı, maliyyə hesabı, həmçinin xarici borc və onun dəyişməsi, xalis aktivlərdə dəyişmə və beynəlxalq ehtiyatlar);
4.3.3. Neft Fondu tərəfindən cari il üçün gözlənilən, növbəti il və sonrakı üç il üçün proqnozlaşdırılan aşağıdakı məlumatlar:
4.3.3.1. Neft Fondunun növbəti il və sonrakı üç il üçün xam neftin müxtəlif ortaillik ixrac qiymətlərinə uyğun hesablanmış gəlir və xərclərinin proqnozu;
4.3.3.2. neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən ödəyicilərin hasilat göstəriciləri;
4.3.3.3. Neft Fondunun vəsaiti hesabına həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün sifarişçi təşkilatların vəsait ehtiyacı barədə proqnoz məlumatı;
4.3.3.4. Neft Fondunun aktivlərinin orta gəlirlilik dərəcəsi;
4.3.4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi formaya uyğun olaraq, əvvəlki il üçün ilkin statistik məlumatlar;
4.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il gözlənilən, növbəti il və sonrakı üç il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, işsizlikdən sığorta fondunun gəlir və xərcləri, ortaaylıq əməkhaqqı, yaşayış minimumu, minimum əməkhaqqı, ehtiyac meyarı, məşğulluq, sosial və demoqrafik göstəricilər barədə məlumatlar;
4.3.6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən idxal-ixrac əməliyyatları üzrə əvvəlki ilin faktiki göstəriciləri, cari il gözlənilən, növbəti il və sonrakı üç il üçün isə proqnozlaşdırılan məlumatlar.
4.4. İqtisadiyyat Nazirliyi respublikanın ortamüddətli dövrə proqnoz göstəricilərinin tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, həmçinin onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb edə bilər.
4.5. Aidiyyəti orqanların nümayəndələri ortamüddətli dövrə proqnoz göstəricilərinin tərtibində iş qaydasında iştirak edirlər.
4.6. Növbəti il və sonrakı üç il üçün respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə Komissiya yaradıla bilər.
4.7. Büdcə təşkilatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) müəyyən etdiyi qaydada öz strateji planlarını hazırlayaraq mart ayının 1-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
4.8. Maliyyə Nazirliyi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozları əsasında, həmçinin büdcə təşkilatlarının sektor strateji planlarını nəzərə almaqla, ortamüddətli resurs zərfinin ilkin layihəsini hazırlayır.
4.9. Büdcə təşkilatları kreditlər, qrantlar və ya digər maliyyələşmə formalarından asılı olmayaraq bütün mövcud və davam etməkdə olan layihələr üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini (baza proqnozları) mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edirlər. Eyni vaxtda büdcə təşkilatları davam edən layihələrin əsaslı xərclərinə dair məlumatları İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
4.10. Büdcə təşkilatları yeni siyasət təşəbbüsləri (bundan sonra – YST) ilə bağlı sifarişlərini bu Qaydanın 4.2-ci bəndində qeyd olunmuş təlimatda göstərilən formatda mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Büdcə təşkilatları, həmçinin yüksək prioritetli yeni investisiya təklifləri üçün tələb olunan xərclərin təhlilinə dair məlumatları İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
4.11. Büdcə təşkilatları tərəfindən əlavə maliyyələşmənin tələb olunduğu maksimum üç YST təklif oluna bilər. Maliyyələşmə üçün təklif olunan YST hüquqi, texniki və iqtisadi cəhətdən yetərincə əsaslandırılmış olmalı (həyata keçirilməyə hazır olması, sosial və iqtisadi baxımdan əlverişli olması) və milli xərc prioritetlərinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrinə və sektor strateji planlarına uyğun olmalıdır.
4.12. Təklif olunan bütün YST-nin ümumi illik həcmi növbəti büdcə ili üçün ayırmaların 10 faizindən çox olmamalıdır. Eyni zamanda, büdcə təşkilatları YST üzrə prioritetlərini mühümlülük səviyyəsinə görə qiymətləndirməlidirlər.
4.13. Maliyyə Nazirliyi büdcə təşkilatlarının sektor strateji planları əsasında ortamüddətli resurs zərfinə və büdcə xərclərinə dair sifarişlərə uyğun olaraq ortamüddətli dövr üçün hazırladığı icmal büdcə və dövlət büdcəsi ilə əlaqədar məlumatları aprel ayının 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.
4.14. İqtisadiyyat Nazirliyi bu Qaydanın 4.13-cü bəndinə uyğun təqdim olunmuş məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, aprel ayının 8-dək Mərkəzi Banka təqdim edir.
4.15. Mərkəzi Bank ortamüddətli monetar siyasət göstəriciləri ilə uyğunlaşdırmaq məqsədi ilə təqdim olunmuş məlumatlara əsasən bu Qaydanın 4.3.2-ci yarımbəndində qeyd olunmuş pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatlar, cari və növbəti ilə pul proqramı, həmçinin monetar sektora dair cari ilin gözlənilən, növbəti il və sonrakı üç il üçün isə dəqiqləşdirilmiş proqnoz göstəricilərini və tədiyə balansının proqnozuna dair rəyini aprel ayının 15-dək İqtisadiyyat Nazirliyinə təqdim edir.
4.16. İqtisadiyyat Nazirliyi təqdim olunmuş təkliflər əsasında ortamüddətli sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərini may ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edir.
4.17. Maliyyə Nazirliyi büdcə təşkilatlarının baza proqnozları və YST üzrə təklifləri əsasında, ortamüddətli resurs zərfinə bir daha baxaraq, ortamüddətli dövrdə iqtisadi artım, inflyasiya, xərclənə bilən neft gəlirləri, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi, icmal büdcənin yuxarı həddi, icmal büdcənin qeyri-neft baza kəsiri və digər hədəf göstəricilərini dəqiqləşdirir, onun əsasında OMXÇ sənədini hazırlayaraq, may ayının 15-dək Maliyyə Sabitliyi Şurasına və Nazirlər Kabinetinə təqdim edir.
4.18. OMXÇ sənədinin tərkib hissəsi olan milli xərc prioritetləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş YST-lə aydın şəkildə əlaqələndirilməklə, məhdud sayda tərtib olunur (maksimum 5-dək, xüsusi hallarda isə 7-dək ola bilər).
4.19. Nazirlər Kabineti Maliyyə Sabitliyi Şurasının tövsiyələrini də nəzərə almaqla, OMXÇ sənədinə baxaraq milli xərc prioritetlərinin ilkin seçimini həyata keçirir və OMXÇ sənədini, o cümlədən dəqiqləşdirilmiş milli xərc prioritetlərini may ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
4.20. Azərbaycan Respublikasının Prezidenti OMXÇ sənədini, o cümlədən ortamüddətli resurs zərfini, ortamüddətli büdcə siyasətini və milli xərc prioritetlərini iyun ayının 15-dək təsdiq edir. Bu zaman büdcənin hazırlanması prosesini effektiv şəkildə istiqamətləndirmək üçün milli xərc prioritetləri ən yüksək prioritet səviyyəsindən ən aşağı prioritet səviyyəsinə doğru qiymətləndirilir (resurs zərfi məhduddursa, ən yüksək prioritetə malik təşəbbüslərin, ilk növbədə, digərlərinin isə ortamüddətli dövrdə maliyyələşdirilməsi təsdiq edilir).
4.21. Zərurət yarandıqda, Maliyyə Nazirliyi büdcə təşkilatlarından əlavə məlumatları tələb edə bilər.
4.22. Maliyyə Nazirliyi təsdiq olunmuş OMXÇ sənədi əsasında büdcə təşkilatlarına büdcə tərtibi prosesinin növbəti mərhələsində illik büdcə sifarişlərini hazırlayıb təqdim etmək üçün iyul ayının 1-dək təlimat məktublarını göndərir. Təlimat məktubunda hər bir büdcə təşkilatı üçün xərclərin yuxarı hədləri, o cümlədən mövcud və davam etməkdə olan xərclərin baza proqnozları və təsdiq edilmiş YST üzrə sublimit hədləri aydın göstərilir.