Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun NİZAMNAMƏSİ
01 avqust 2018, 11:05
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 31 iyul tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verməkdən ibarətdir. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür.
2.2. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
2.2.2. müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
2.2.3. sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
3. Fondun hüquq və vəzifələri
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:
3.1.1. Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək;
3.1.2. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək;
3.1.3. Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək;
3.1.4. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
3.1.5. sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
3.1.6. sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.7. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
3.1.8. kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək;
3.1.9. sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək;
3.1.10. sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisasının artırılmasına dəstək vermək;
3.1.11. sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə kömək etmək;
3.1.12. ölkədə sahibkarlığın bazar infrastrukturunun formalaşmasına və inkişafına kömək göstərmək;
3.1.13. sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;
3.1.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
3.2.1. Fonda vəsait cəlb etmək və bu məqsədlə könüllü ianə, yardım, qrant alınması ilə bağlı və digər bu kimi əqdlər bağlamaq;
3.2.2. Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;
3.2.3. sərəncamında olan əmlakdan istifadə etmək;
3.2.4. sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək, Azərbaycan Respublikasında və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək;
3.2.5. daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər keçirmək, sərgilər və yarmarkalar təşkil etmək;
3.2.6. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.7. Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən vəsaitdən investisiya layihələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, verilən vəsaitin qaytarılması üçün tədbirlər görmək;
3.2.8. əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görmək;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə müvəkkil kredit təşkilatlarına zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.11. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.14. Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Fondun idarə olunması
4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
4.2. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.3. Şura sədr daxil olmaqla 9 (doqquz) üzvdən ibarət tərkibdə təşkil edilir.
4.4. Şuranın 5 (beş) üzvünü Nazirlik təyin edir.
4.5. Şuranın 4 (dörd) üzvünü aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
4.5.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
4.5.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
4.5.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
4.5.4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası.
4.6. Şuranın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.7. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.8. Şura qərar qəbul etməkdə müstəqildir.
4.9. Şuranın vəzifələri aşağıdakılardır:
4.9.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Nazirliyə təkliflər vermək və sənədlər təqdim etmək;
4.9.2. Fondun fəaliyyət planlarını müəyyən etmək;
4.9.3. Nazirliyin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.9.4. Fondun vəsaitindən istifadə istiqamətlərini müəyyən etmək;
4.9.5. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.9.6. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə təqdim etmək;
4.9.7. Nazirliklə razılaşdırmaqla, Fondun maliyyə planlaşdırmasını, o cümlədən güzəştli kreditlər üzrə daxilolmaların (faiz, cərimə və sair) Fondun saxlanma xərclərinə ayrılan hissəsini təsdiq etmək;
4.9.8. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.9.9. İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.9.10. Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.9.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.9.12. Nazirliyin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.9.13. Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirmək;
4.9.14. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarını təsdiq etmək və onların seçilməsi barədə qərar qəbul etmək;
4.9.15. Fond ilə müvəkkil kredit təşkilatları arasında Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq etmək;
4.9.16. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq etmək;
4.9.17. Fondun vəsaiti hesabına verilmiş kreditlərdən təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün monitorinq aparılması qaydasını təsdiq etmək;
4.9.18. müvəkkil kredit təşkilatları üçün əsas və əlavə limitləri müəyyən etmək;
4.9.19. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
4.9.20. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq;
4.9.21. Fondun daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək.
4.10. Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclasını çağırır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edə bilər. Şuranın iclasları Şura üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.11. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.12. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edir.
4.13. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.15. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrası Şura sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən həyata keçirilir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya Fondun İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şuranın üzvləri:
4.17.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılmaq barədə təkliflər verirlər;
4.17.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.19. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin və Şuranın katibinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İdarə Heyətinə göndərilir.
4.20. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.
4.21. Şuranın katibi:
4.21.1. Şuranın iclaslarını təşkil edir;
4.21.2. Şuranın iclaslarının keçirilmə vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Nizamnamənin 4.16.3-cü yarımbəndində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat verir;
4.21.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;
4.21.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılma və imzalanması üçün Şuranın sədrinə təqdim edir;
4.21.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
5. Fondun İdarə Heyəti
5.1. İdarə Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
5.2. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir.
5.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
5.4. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
5.4.1. Fondun fəaliyyətini təşkil etmək;
5.4.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
5.4.3. Şuranın qərarlarını icra etmək;
5.4.4. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
5.4.5. Fondun strateji məqsədlərinin və planlarının icrasına nəzarət etmək;
5.4.6. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
5.4.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
5.4.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
5.4.9. Fondun fəaliyyətinə dair illik hesabat hazırlayaraq Şuraya təqdim etmək;
5.4.10. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələrə dair təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim etmək;
5.4.11. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının Şura tərəfindən təsdiq edilmiş qayda və şərtlərinin icrasına nəzarət etmək;
5.4.12. Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə təkliflər vermək;
5.4.13. Fondun fəaliyyətinə dair hesabatı ictimaiyyətə açıqlamaq;
5.4.14. Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə təkliflər vermək;
5.4.15. Şura tərəfindən təşkil edilən Fondun kənar auditinin keçirilməsini təmin etmək;
5.4.16. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
5.5. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya üzvü çıxış edir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.11-ci, 4.13-cü və 4.14-cü bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.
5.6. İdarə Heyətinin sədri:
5.6.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
5.6.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
5.6.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
5.6.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
5.6.5. sədr müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə təqdimat verir;
5.6.6. sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
5.6.7. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
5.6.8. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.6.9. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.6.10. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
5.6.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
5.6.12. Fondun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
5.6.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
5.6.14. Fondun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
5.6.15. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
5.6.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
5.6.17. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
5.6.18. Fondun təsərrüfat cəmiyyətlərinin nizamnamələrinin layihələrini tərtib edir, həmin sənədlərdə müvafiq dəyişikliklər edilməsi haqqında qərar layihələrinin tərtib edilməsini təmin edir və onların təsdiqi məsələsinə baxılmaq üçün aidiyyəti üzrə təqdim edir;
5.6.19. Şuranın və İdarə Heyətinin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;
5.6.20. verilmiş səlahiyyətlər daxilində müvafiq sənədləri imzalayır;
5.6.21. Fondun fəaliyyət planlarının icrasına nəzarət edir;
5.6.22. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesab və tədiyə tapşırıqlarını imzalayır;
5.6.23. Fondun, habelə təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;
5.6.24. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
5.7. İdarə Heyətinin üzvləri:
5.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
5.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
5.7.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
5.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılmaq barədə təkliflər verirlər;
5.7.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
5.8. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
6. Fondun daxili audit bölməsi
6.1. Fondun daxili audit bölməsi birbaşa Şuraya tabedir və ona hesabat verir. Fondun daxili audit bölməsinin üzvlərini İdarə Heyətinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir. Daxili audit bölməsi məlumat almaq, sənədlərə və məlumat bazasına çıxış əldə etmək səlahiyyətinə malikdir. Daxili audit bölməsinin əməkdaşları Fondun işçi heyətinə daxildirlər və Fondun bütün işçilərinə aid olan qaydalara əməl etməlidirlər.
6.2. Daxili audit bölməsi aşağıdakı vəzifələri yerinə yetirir:
6.2.1. audit fəaliyyətinin risk əsaslı illik planını hazırlayır və təsdiq üçün Şuraya təqdim edir;
6.2.2. davamlı peşəkar inkişafın milli və beynəlxalq standartlara uyğunluğunu təmin etməklə, öz audit fəaliyyətində yüksək keyfiyyətin təmin edilməsinə nail olur;
6.2.3. risklərin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərini və idarəetmə prosesini qiymətləndirmək üçün sistemli və məqsədyönlü yanaşma tətbiq etməklə, öz məqsədlərinə nail olmaqda Fondu dəstəkləyir və risklərin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin və idarəetmə prosesinin təkmilləşdirilməsinə kömək edir;
6.2.4. Fondun struktur bölmələrinin auditini həyata keçirir, hüquqi, tənzimləyici və digər qaydalara əməl edilməsi vəziyyətini yoxlayır;
6.2.5. sənədlərin, hesabatların və Fondda toplanan digər məlumatların düzgünlüyünü yoxlayır;
6.2.6. müntəzəm olaraq həyata keçirdiyi auditin nəticələri barədə Şuraya hesabat təqdim edir;
6.2.7. xüsusi əhəmiyyətli hər hansı bir hal müşahidə etdikdə, bu barədə dərhal Şuranı məlumatlandırır;
6.2.8. hesabat Şuraya təqdim olunmazdan əvvəl hesabatda adları çəkilən strukturlara və şəxslərə fikir bildirmək imkanı yaradır;
6.2.9. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması barədə Şuraya və Fondun struktur bölmələrinə tövsiyələr verir;
6.2.10. Şuranın müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.
7. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
7.1. Fondun nizamnamə fondu 1 094 254 581 (bir milyard doxsan dörd milyon iki yüz əlli dörd min beş yüz səksən bir) manatdır.
7.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
7.3. Fond ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fondun saxlanması xərcləri Nazirliklə razılaşdırmaqla təsdiq olunmuş Fondun maliyyə planlaşdırmasına uyğun olaraq güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) hesabına ödənilir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
7.4. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
8. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
8.1. Fondun fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İdarə Heyəti həyata keçirirlər.
8.2. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
9. Fondda uçot və hesabat
9.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
9.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
9.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc edir.
9.4. Şuranın və İdarə Heyətinin üzvləri, habelə Fondun struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələrində müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
9.5. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz.
10. Fondun yenidən təşkili və ləğvi
Fondun yenidən təşkilini və ya ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.