İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
15 avqust 2011, 12:30
Prezident İlham Əliyev Siyəzən rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə Siyəzən şəhərinin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə Heydər Parkında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2010-cu ildə istifadəyə verilmişdir. Bir hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilmiş, yaraşıqlı fəvvarə kompleksi, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Bildirildi ki, parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Siyəzən sakinləri də ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada dünya miqyasında tanınan siyasi xadim Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, nizami ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.
Qeyd olundu ki, tikintisinə 2008-ci ildə başlanılan mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 600 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən 12 fotoguşə yaradılmışdır. 300 kvadratmetr sahəsi olan birinci mərtəbədə ulu öndərin büstü qoyulmuşdur. Burada kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, konfrans zalı və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün Azərbaycan ədəbiyyatını və zəngin tariximizi dərindən öyrənmək üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində müxtəlif xarici dillərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən nəşrlərə də geniş yer verilmişdir. Mərkəzin ikinci mərtəbəsində rəsm, xalçaçılıq dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada virtual sinif otağı da yaradılmışdır. Mərkəzin qonaqları bu virtual sinif otağının imkanlarından istifadə etməklə Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən şəhərinin yeni giriş hissəsi, Bayraq Meydanı və gənclər mərkəzinin eskiz layihəsini əks etdirən stendlərə baxdı. Dövlət başçısı gələcəkdə həyətlərin abadlaşdırılmasını və mövcud ticarət obyektlərinin fasadlarının üzlənməsini əks etdirən stendlərlə də tanış oldu.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.
Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
X X X
Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV mərasimə toplaşanları salamlayaraq dedi:
-Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir, gözəl meydandır. Mərkəzdə həm ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir, eyni zamanda, dərnəklər fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu mərkəz rayon sakinlərinə xidmət edəcəkdir.
Siyəzən rayonunun inkişafı ilə bağlı mənə indi kiçik təqdimat verilmişdir. Mən bu planları dəstəkləyirəm, bəyənirəm. Çox şadam ki, yeni rəhbərlik qısa müddət ərzində rayonun hərtərəfli inkişafı üçün artıq konkret təkliflər hazırlamışdır. Güman edirəm ki, qısa müddət - bir neçə il ərzində Siyəzən rayonunun və rayon mərkəzinin siması tamamilə dəyişdiriləcəkdir. Yəni, Siyəzən müasir, gözəl rayon mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, kəndlərdə də bütün quruculuq, abadlıq işləri aparılmalıdır.
Bildiyiniz kimi, Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılmışdır. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcəkdir. Elektrik enerjisi təchizatı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırma proqramı icra edilir. Bilirsiniz ki, Siyəzəndə bütün dövrlərdə qaz təchizatı başqa rayonlara nisbətən daha da yaxşı olmuşdur. Ancaq qarşıya vəzifə qoymuşuq ki, bütün kəndlərə qaz xətləri çəkilsin. İndi bu istiqamətdə işlər görülür. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir və bu proqram da demək olar ki, bütün bölgələri əhatə edir. İllər boyu yığılıb qalmış problemlər Azərbaycanda birdəfəlik həll olunmalıdır. İndi hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, ya da ki, hazırlıq işləri aparılır.
Sosial infrastrukturun yeniləşməsi ilə bağlı Siyəzən rayonunda müəyyən işlər görülmüşdür. Bir neçə məktəb tikilmişdir, təmir olunmuşdur. Növbəti illərdə ehtiyac olan məktəblərdə də təmir-bərpa işləri aparılmalıdır. Məndə olan məlumata görə, iş yerlərinin yaradılması ilə bağlı Siyəzən rayonunda o qədər də ciddi problem yoxdur. Burada ənənəvi neft sənayesində işləyənlər kifayət qədər olmuşdur. Vaxtilə burada ulu öndərin rəhbərliyi ilə broyler fabriki yaradılmışdır. İndi o da, iş yerlərinin yaradılması üçün çox vacib funksiyaları icra edir. Ancaq Azərbaycanda əhalinin sayı artır və nə qədər yeni iş yerləri yaradılsa da, yenə də iş yerlərinin açılmasına ehtiyac vardır. Ona görə, biznes mühitinin yaxşılaşdırılması, biznesmenləri təşviq etmək, kreditlərin verilməsi, bütün başqa məsələlərin həlli üçün konkret proqramlar vardır.
Biz Siyəzən rayonunun turizm imkanlarından da daha geniş şəkildə istifadə etməliyik. Bu rayonun özünəməxsus zəngin turizm potensialı vardır. Böyük dəniz zolağı, eyni zamanda, gözəl hava, dağlar. Azərbaycanda indi, demək olar ki, turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, otellər, istirahət zonaları, parklar yaradılır. Biz bu istiqamətdə də, əlbəttə ki, özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq hamınız yaxşı bilirsiniz ki, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə, hər bir yerdə, hər bir rayonda, ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır. İndi rayonun gələcək inkişafı ilə bağlı mənə göstərilən stendlərdə əksini tapan təkliflər hesab edirəm ki, təqdirəlayiqdir.
Bütün bu işləri biz - rayon ictimaiyyəti, əlbəttə ki, icra nümayəndələri, dövlət rəhbərliyi birlikdə etməliyik. Biz ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Bu gün Azərbaycan iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Yaxşı bilirsiniz və mətbuatdan izləyirsiniz ki, indi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlanmışdır. Azərbaycanda biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artır.
İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki,Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır.
Biz də böhrandan əziyyət çəkmişik. 2008-ci, 2009-cu, hətta 2010-cu illərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizə də problemlər yaratmışdı. Ancaq biz bu vəziyyətdən çıxa bilmişik. Çünki biz artıq qeyri-neft sektorunun inkişafına nail olmuşuq. Əgər iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, bu ilin altı ayında qeyri-neft sektoru 6 faiz artmışdır. Yəni, bu rəqəmlər əlbəttə ki, statistika üçün göstəricidir. Ancaq bu rəqəmlərin arxasında gərgin iş, məqsədyönlü siyasət, strateji xəttimiz dayanır. Bütün bölgələrin inkişafı bizə imkan verir ki, ölkə hərtərəfli inkişaf etsin.
Azərbaycanda böyük rayonlar, o qədər də böyük olmayan rayonlar da vardır. Hətta əhalisi 100 min, 200 min sayda olan rayonlar vardır. Siyəzən rayonu əhali baxımından böyük rayon deyildir. Ancaq buna baxmayaraq, Siyəzən rayonuna da başqa, əhalisi çox olan rayonlara göstərilən qədər diqqət göstərilir. Bu gün görülən işlər bunun nümunəsidir. Onu da qeyd etməliyəm ki, bildiyiniz kimi, indi bölgədə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. O proqramın da təməli burada qoyulmuşdur, 2004-cü ildə bölgələrdə tikilən birinci xəstəxana Siyəzəndə olmuşdur və mən, yadımdadır, xəstəxananın açılışında iştirak etmişdim.
Mən sizi ürəkdən salamlayıram və gələcək uğurlar arzulayıram. Rayon rəhbərliyinə yeni başçı təyin edilmişdir. Ona bütün göstərişlər verilib ki, burada fəal işləsin, insanlarla daim təmasda olsun, insanların problemləri ilə yaşasın. Siyəzən rayonu qısa müddət ərzində Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevrilməlidir. Siz də, əlbəttə ki, bütün bu işlərdə fəal iştirak etməlisiniz.
X X X
Rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirən Qələmşah BABAYEV dedi:
-Möhtərəm cənab Prezident! İcazə verin, Sizi bütün siyəzənlilər adından səmimi qəlbdən salamlayım, “Xoş gəlmisiniz” deyim!
Bu gün hər bir siyəzənlinin həyatında ən xoşbəxt günlərdən biridir. Dahi rəhbər Heydər Əliyevin adını daşıyan mərkəzin bu yaraşıqlı binasının açılışına toplaşmışıq. Şəhərimizin bu gözəl guşəsində ümummilli liderimizin abidəsi ucaldılmış, Heydər Əliyev Mərkəzi açılmışdır. Artıq bu gözəl məkan şəhərimizin əhalisinin ən gözəl istirahət yerinə, məbədgahına, and və inam yerinə çevrilmişdir. Milli Ordu sıralarına yollanan oğullarımız, ailə quran gənclərimiz də bu məkana gəlib and içirlər. İndən belə balalarımız buraya axın-axın gələcək, bu mərkəzdə Heydər Əliyev irsini öyrənəcək, mətinləşəcək, özlərini həyata hazırlayacaq, Vətənə, xalqa, torpağa məhəbbət dərsi keçəcəklər. Heydər Əliyevin dahiliyindən, böyüklüyündən adi sözlərlə danışmaq o qədər də asan deyildir. Hansımız bilmirik ki, ölkəmizin ən ağır vaxtlarında Heydər Əliyev xalqımızın, millətimizin xilaskarı, dövlətimizin qurucusu oldu. Hansı birimizin yadından çıxmışdır ki, müstəqilliyimizin ilk dövründə naşı rəhbərlər xalqın başına nə kimi müsibətlər gətirdilər. Hər şeydən xalqın əli üzüləndə üzümüzü Allahın dərgahına tutduq, Heydər Əliyevin qayıtmasını təvəqqe etdik. Heydər Əliyev xalqın xahişini qəbul etdi, qayıtdı, hər şeyi yerinə qoydu. Elə o gündən, elə o məqamdan hər birimizin qəlbində bu abidədən də uca Heydər Əliyev abidəsi ucalmışdır.
Cənab Prezident, mənim taleyimə hələ 1998-ci ildə prezidentin seçiciləri ilə görüşü zamanı Heydər Əliyevin qarşısında çıxış etmək nəsib olmuşdur. Bu gün isə Sizin qarşınızda danışıram, cənab Prezident! Özü də bu möhtəşəm abidənin, bu məbədgahın açılışında bütün siyəzənlilər və Siyəzən ağsaqqalları adından danışıram. Biz yaşlı nəslin nümayəndələri yaxşı bilirik ki, çox da uzaq olmayan müddətə qədər bizim Siyəzən şəhəri bu yolun üstündə çox çətin bir məkanda yerləşirdi. Onun beş-üç tozlu-palçıqlı küçəsi, əyri–üyrü dalanı, bircə dəfə yağış yağanda keçmək mümkün olmayan yolları vardı. İndi isə Sizə böyük minnətdarlıq hissi ilə bildirirəm ki, Sizin diqqət və qayğınız sayəsində ən az vaxtda bizim doğma Siyəzənimiz Azərbaycan şəhərlərinin ən yaxşıları kimi inkişaf edib, böyüyüb. İndi burada gözəl xiyabanlar, bir-birindən yaraşıqlı meydanlar istifadəyə verilir, geniş və işıqlı küçələr, gözəl evlər tikilir.
Siyəzəndə son vaxtlar bir neçə müəssisə tikilib istifadəyə verilmişdir ki, bunun nəticəsində xeyli iş yerləri açılmışdır. Adamların güzəranı yaxşılaşmışdır. Adamların ruhu canlanmışdır. Sosial problemlərimiz aradan qaldırılır. Yeri gəlmişkən, təkcə onu deyim ki, - Siz də qeyd etdiniz, - sonuncu sərəncamlarınızın biri ilə ölkəmizin pensiyaçılarının təqaüdü əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu, əhalimizə çox gözəl təsir etmişdir. Hamımız yaxşı bilirik ki, yaşlı adamlar - ağsaqqallar, qocalar, ağbirçəklər onlara qayğı göstərəni, onların rifahını yaxşılaşdıranı digərlərindən daha yaxşı qiymətləndirir və minnətdarlıq edirlər. Elə ona görədir ki, möhtərəm Prezident, bu Müqəddəs Ramazan günlərində biz namaz üstündə ulu öndərimizin ruhuna dualar oxuyur, Allah-taaladan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirik.
Cənab Prezident, hamımız dərk edirik ki, ölkəmizin qazandığı bu nailiyyətlər elə-belə, asanlıqla başa gəlməmişdir. Hamımız əla bilirik ki, bunların arxasında Sizin böyük zəhmətiniz, böyük diqqət və qayğınız, yorulmaz səyləriniz dayanır.
Böyük Heydər Əliyevin bizə qoyub getdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasını indi Siz davam etdirirsiniz, özü də Allaha şükür, böyük məhəbbətlə, böyük vüqarla. Allah Sizə yar olsun və xalqımız Sizi çox sevir.
Bizim Siyəzən buyurduğunuz kimi, çox da böyük deyildir. Əhalisi də çox artımlı deyildir. İqtisadiyyatı da müəyyən qədər zəifdir. Lakin əzmkar, işgüzar, zəhmətkeş adamları vardır. Onlar Sizi çox sevirlər, bütün məsələlərdə Sizə dəstəkdirlər, cənab Prezident!
Rayonumuzun əhalisinin daha bir arzusunu da bildirmək istəyirəm. Onlar bir insan ömrünə sığmayacaq qədər xeyirxah işlər görən, bütün regionlarda, o cümlədən də bizim Siyəzəndə ən gözəl məktəb binaları tikdirib balalarımıza hədiyyə edən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin hörmət və rəğbətlərini bildirir, təşəkkür edirlər.
Cənab Prezident, biz Sizə inanırıq, xalqımız Sizi sevir.
Bir daha Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Sizi Allah qorusun, cənab Prezident!
Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun!
X X X
Sonda xatirə şəkli çəkdirildi.