İlham Əliyev iftar mərasimində iştirak etmişdir
12 avqust 2011, 20:50
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır.
Prezident İlham Əliyev iftar mərasimində iştirak etmişdir.
Əvvəlcə şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahda aparılan inşaat işlərinin gedişi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulan bu iqamətgahda dindarların ibadəti və dini mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Mərasimdə şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:
- Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm cənab Prezident İlham Əliyev həzrətləri!
Hörmətli din xadimləri, səfirlər, qonaqlar!
Sizin bu müqəddəs ayın cümə günündə iftar mərasimimizdə iştirak etməyiniz mənim üçün çox xoşdur. Bu, həm də Allaha xoş gedən bir işdir. Çünki bu ay müqəddəs Ramazan ayıdır. Quranın nazil olduğu bu ay bağışlanılan, ruzi-bərəkət diləyi edilən, ruhlar azad olunan bir aydır. Onun üçün də bizim bugünkü iftar mərasimimiz ənənə halına çevrilmişdir.
Möhtərəm Prezident həzrətlərinin dəvətimizi qəbul edib bu mərasimdə iştirakı bizim üçün çox xoşdur. Biz möhtərəm Prezidentə minnətdarlığımızı bildiririk.
Bu gün Azərbaycan dövlətində çox işlər görülür. Prezident həzrətlərinin də çox mühüm işləri vardır. Buna baxmayaraq, hörmətli Prezidentimizin milli mənəvi dəyərlərimizə qiymət verərək bu gün bizimlə bərabər olması həm də xalqımıza, millətimizə, dinimizə, milli ənənəmizə verdiyi böyük bir qiymətdir. Əlbəttə, bu ənənənin də təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Allah-taala ulu öndərimiz Heydər Əliyev həzrətlərinə rəhmət etsin. Bu gün Azərbaycan onun qoyduğu təməl üzərində bütün sahələrdə uğurla irəliləyir və inkişaf edir. Bu gün Azərbaycan təkcə Qafqazda deyil, bütün dünya miqyasında tanınan mühüm dövlətlərdən birinə çevrilmişdir. Bu da Prezident İlham Əliyev həzrətlərinin apardığı düzgün siyasətin nəticəsidir.
Allah-taala, əlbəttə, insanlara yaşamaq üçün sərvətlər vermişdir. Allah-taala bizə də çoxlu sərvətlər vermişdir. Bu sərvətlərimiz içərisində insanlığa, mənəviyyatımıza, mədəniyyətimizə verilən qiymət ən mühümüdür. Abidələrimizi qorumaq, onları bərpa etmək, gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifələrimizdən biridir.
Bu gün Azərbaycan tərəqqi yolundadır və gələcəkdə də, inşallah, inkişaf edəcəkdir. Bugünkü nəsil gələcəyin qurucularıdır və mən inanıram ki, inşallah, Azərbaycan xalqının inkişafı hələ gələcəkdədir. Mən buna inanıram, çünki Həzrəti Əli əleyhissəlam buyurub ki, siz övladlarınızı gələcək üçün öyrədin və gələcəyi onlara öyrədin. Çünki onlar gələcəyin insanlarıdır. Bu gün iqtisadi və siyasi həyatımızla bərabər mənəvi dünyamız da inkişaf edir. Bu, göz qabağındadır. Biz Dünya Dini Liderlərinin Sammitini Azərbaycanda keçirmək istəyəndə buna çoxları inanmırdı. Müxtəlif dinlərə mənsub görkəmli xadimlərin, patriarxların bu sammitdə bir araya gəlmələri çox mühüm hadisə idi. Dostum, katolikos patriarx İlya həzrətlərinin, yaxın dostum və qardaşım Ümumrusiya patriarxı Kirill həzrətlərinin, Vatikanın nümayəndəsinin və dünyanın digər dini liderlərinin - həm müsəlman, həm qeyri-müsəlman dini liderlərin sammitdə iştirakı Azərbaycanda mənəvi dəyərlərin qorunmasına yüksək qiymət verilməsinin təsdiqi idi.
Azərbaycan sürətli inkişafla bərabər, həm də əmin-amanlığın, bərabərliyin təcəssüm tapdığı bir ölkədir. Mədəniyyətlərarası Dialoq Forumunun və digər humanitar konfransların ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan öz mənəvi dəyərlərinə çox böyük qiymət verir.
Sovet hakimiyyəti dövründə bizim cəmi 18 məscidimiz var idi. Müstəqilliyimizin 20 ili ərzində isə onların sayı 850-ni ötüb, daha 250-dən yuxarı məscid qeydiyyat ərəfəsindədir. Təkcə bu faktın özü son 20 ildə Azərbaycanın mənəvi həyatında nə qədər irəliləyişin olduğunu təsdiq edir. Azərbaycanda fəaliyyət göstərən ənənəvi dinlərin nümayəndələrinə də eyni səviyyədə diqqət və qayğı göstərilir. Bunu mərasimimizdə iştirak edən qardaşlarımız, ənənəvi dinlərin liderləri - həm katolik, həm pravoslav kilsələrinin, həm xristian, həm yəhudi icmalarının nümayəndələri təsdiq edirlər. Azərbaycanda bütün sahələrdə yeniliklərin şahidiyik.
Bu yaxınlarda Prezident həzrətləri “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq etmişdir. Qanunda əksini tapmış dəyişikliklərdən biri də xaricdə yaşayan azərbaycanlıların mənəvi dəyərlərini qoruyub saxlamaları üçün əcnəbi ölkələrdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliklərinin açılması barədə müddəadır. Bu, bir daha sübut edir ki, Prezident həzrətlərimiz bütün dünya azərbaycanlılarının milli mənəvi dəyərlərinin inkişafına çox böyük önəm verir.
Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf mənəvi həyatda da özünü göstərir. Ona görə də dövlət mənəvi dəyərlərlə, dini etiqad azadlığı ilə bağlı qanunlara da yenidən baxmalı, dindarların həyatını yaxşılaşdırmaq üçün tədbirlər görməlidir və bunu da edir. Ona görə də mən Qafqaz müsəlmanları, bütün dindarlar adından Prezident həzrətlərinə dərin minnətdarlığımı bildirirəm.
Prezident həzrətləri müsəlman ölkələrinin səfirlərini qəbul edərkən multikulturizm haqqında çox qiymətli fikirlər söylədi. Dedi ki, insanlar bir-birinə yaxın, bir-biri ilə ünsiyyətdə olmalıdırlar. Dinlər arasında dialoq olmalıdır. İnsanları Allah-taala yaradıb və Qurani-Şərifdə buyurur ki, mən sizi yaratdım, bir-birinizlə danışın, dil, elm öyrənin, bir-birinizi tanıyın. Ona görə də bu gün Azərbaycanın apardığı siyasət, vicdan azadlığı, din-dövlət münasibətləri siyasəti, dinlər, mədəniyyətlər arasında dialoq çox vacib məsələdir və Allahın buyurduğu hikmətlərə xidmət edir. Bu çox müqəddəs məsələdir, həm də Qurani-Şərifdə Allahın buyurduğu məsələlərdən biridir.
Əlbəttə, mən bir misal da gətirmək istərdim. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu yaxınlarda çıxışında dedi ki, bütün dualarımız bir Tanrıyadır, bir Allaha dua edirik. Amma bəzi insanların bəd əməlləri, məsələn, bir keşişin Quranı yandırması bütün dinlərə hörmətsizlikdir.
Bu gün biz bəzi Qərb dövlətlərində islamofobiyanın olmasını görürük. Bu, bəşəri dəyərlərlə bir araya sığmayan məsələdir. Halbuki insanlar bütün dinlərə, bütün əqidələrə, o cümlədən müqəddəs kitablara - Qurana da, İncilə də, Tövrata da hörmətlə yanaşmalıdırlar.
Azərbaycanda dini ənənə, tolerantlıq deyə bilərəm ki, dünyada bir örnəkdir. Bizim yüzdən yuxarı dövlətlə əlaqələrimiz vardır. Biz xarici ölkələrdə konfranslarda, görüşlərdə iştirak edəndə ölkəmiz haqqında, Azərbaycanın tolerantlığı, din-vicdan azadlığının təmin edilməsi sahəsində görülən işlər barədə ürəkdolusu danışırlar.
Amma uğurlarımızı həm ölkə daxilində, həm də xaricdə gözü götürməyən qüvvələr də vardır. Xüsusən erməniləri, Ermənistanı, qəsbkarları müdafiə edən qüvvələr vardır. Əlbəttə, biz yolumuzdan dönən deyilik. Bizim yolumuz həqiqət yoludur. Mən bir din xadimi kimi inanıram ki, Prezident həzrətlərinin qətiyyəti, müdrik siyasəti sayəsində, inşallah, münaqişə sülh yolu ilə həll ediləcək, torpaqlarımız tezliklə işğaldan azad olacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Allah onlara rəhmət etsin.
Bu gün bu mərasimdə görüşməyimizə çox sevinirik. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan, Dərbənd, Mahaçqala üzrə nümayəndələri də aramızdadır. Deyə bilərəm ki, bu gün Azərbaycan bir mənəvi mərkəzə, məkana çevrilmişdir. Bu, Prezidentimizin, dövlət rəhbərlərimizin dini dəyərlərə gözəl münasibətinin nəticəsidir.
Siz buraya gələndə yarımçıq binanı gördünüz. Mən Prezident həzrətlərini ailəsi ilə birlikdə gələn ilin müqəddəs Ramazan bayramı ərəfəsində həmin binanın açılışına dəvət edirəm. Ümidvaram ki, inşallah, Allah-taala bizə həmin məsələni də nəsib edəcək və həmin günlərədək Qarabağ problemimiz də həllini tapacaqdır.
Mən Sizə bir daha “Xoş gəlmisiniz!” deyirəm, möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, Allah-taala bütün şəhidlərə, dünyadan gedənlərə rəhmət etsin, qardaşım, dostum, ulu öndərimiz Heydər Əliyev həzrətlərinin ruhu şad olsun. Bu müqəddəs günlər ruhların şad olan günləridir. Allah-taala bütün analara rəhmət etsin. Allah-taaladan anamız Zərifə xanıma da rəhmət diləyirəm. Allah-taala dünyamıza xoşbəxtlik, səadət nəsib etsin. Mən bir din xadimi kimi, ancaq bunları dua edə bilərdim və arzu edirəm ki, Azərbaycan daha da çiçəklənsin. Arzu edirəm ki, Azərbaycan daha da inkişaf etsin, Prezidentimiz İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə dünyada ən önəmli, ən qabaqcıl dövlətlərdən birinə çevrilsin.
Sizə cansağlığı arzulayıram. Sizə bu mərasimə gəldiyinizə, iftarımızı şərəfləndirdiyinizə görə minnətdarlığımı bildirirəm. Nə niyyətləriniz varsa, Allah-taala qəbul etsin. Çox sağ olun.
X X X
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR Azərbaycanda tolerantlığın hökm sürdüyünü və dövlətlə din arasında münasibətlərin nümunəvi xarakter daşıdığını vurğuladı. O, respublikamızın dinlərarası dialoqa sanballı töhfələr verdiyini dedi. Azərbaycanın siyasi, iqtisadi sahədə mühüm nailiyyətlər qazandığını deyən Aleksandr ölkədə pravoslav əhalisinin də böyük hörmət, diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. O, bütün xalqımıza rifah və çiçəklənmə arzuladı.
X X X
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İXİİLOV azərbaycanlılar ilə yəhudilər arasında tarixən dostluq münasibətlərinin olduğunu dedi. O, respublikamızda bütün millətlərin mehriban ailə kimi yaşadığını, heç vaxt antisemitizmlə qarşılaşmadıqlarını söylədi. S.İxiilov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirdi.
X X X
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir FEKETE ölkəmizdə tolerantlığın hökm sürməsi ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətinin indi də uğurla davam etdirildiyini dedi və Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Vladimir Fekete 2011-ci ildə Azərbaycan-Vatikan münasibətlərində əlamətdar dövr olduğunu söylədi və qeyd etdi ki, tərəflər arasında imzalanan əməkdaşlıq sazişi ikitərəfli münasibətlərdə mühüm mərhələ olacaqdır.
X X X
Alban-udin dini icmasının sədri Robert MUBİLİ ölkəmizin udin icmasının salamlarını çatdırdı. O, min illərdir Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayan, dünyada fenomen etnos kimi tanınan udinlərin bu gün də öz dini-mənəvi dəyərlərini qoruyub saxladığını bildirdi. Qeyd etdi ki, bu gün Nic tolerantlığın ən gözəl məkanlarından biri kimi tanınır və həm dövlət başçısının, həm də Heydər Əliyev Fondunun Nicdə həyata keçirdiyi tədbirlər ölkənin udin icmasına olan hörmətin bariz nümunəsidir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Əziz dostlar!
Müqəddəs Ramazan ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Bu ənənənin artıq böyük tarixi vardır. Bu ənənənin təməlini qoyan ulu öndər Heydər Əliyev və şeyx həzrətləri olmuşdur. Heydər Əliyev siyasəti Azərbaycanda bütün sahələrdə bu gün də yaşayır və uğurla davam etdirilir. Əslində bütün başqa sahələrdə olduğu kimi, müstəqilliyimizin o illərində din-dövlət əlaqələrinin təməli qoyulmuşdur. Bu gün Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir və hesab edirəm ki, bu əlaqələr dünya miqyasında nümunə kimi təqdim oluna bilər. Azərbaycanda bütün sahələr inkişaf etdiyi kimi, bu sahədə də müsbət meyillər özünü göstərməkdədir. Bu, ölkəmizi daha da gücləndirir.
Ölkənin gücünü təkcə təbii sərvətlər, təbii ehtiyatlar, yaxud da ki, maliyyə imkanları müəyyən etmir. Hər bir ölkənin gücü onun hərtərəfli inkişafındadır. Azərbaycanın gücü ondan ibarətdir ki, ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri rahat yaşayırlar. Dostluq, qardaşlıq şəraitində yaşayırlar. Bizim gücümüz bundan ibarətdir. Ona görə ölkəmizin uzunmüddətli, uğurlu və dayanıqlı inkişafı artıq heç kəsdə şübhə doğurmur. Biz yalnız və yalnız uğurla irəliyə gedəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik və Azərbaycanın hərtərəfli inkişafına nail olacağıq.
Ramazan ayı müqəddəs aydır. Azərbaycan xalqı bu müqəddəs duyğuları öz qəlbində əsrlər boyu yaşatmışdır. Ancaq müstəqil ölkə kimi biz gənc ölkəyik. Bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik və müstəqil ölkə, azad xalq kimi öz doğma dini bayramımızı böyük təntənə ilə qeyd edirik.
Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər. Azərbaycanda islam mədəniyyətinə, islam dininə olan hörmət, eyni zamanda, bütün başqa dinlərə olan hörmətlə tamamlanır. Öz dininə hörmət edən şəxs başqa dinə də hörmət etməlidir. Bu, artıq Azərbaycanda oturuşmuş yanaşmadır. Bu gün din xadimləri Azərbaycanda hökm sürən dözümlülük, tolerantlıq haqqında danışmışlar. Bu, artıq reallıqdır və dünya miqyasında bizim təcrübəmiz bəzi hallarda öyrənilir. Mən çox şadam ki, dözümlülük, dini tolerantlıq Azərbaycanda artıq oturuşmuş bir anlayışdır. Bu, sadəcə olaraq bir şüar deyil, bizim həyat tərzimizdir.
Azərbaycanda din-dövlət münasibətlərini əks etdirən dini abidələrə olan münasibətdir. Azərbaycan dövləti nəinki İslam dininə mənsub olan abidələri, məscidləri tikdirir, bərpa etdirir. Eyni zamanda, digər dinlərə mənsub olan məbədləri təmir etdirir, tikdirir. Bu barədə danışıldı və mən çox şadam ki, burada müxtəlif dinləri təmsil edən din xadimləri yekdil bir fikir ortaya qoyurlar. O da ondan ibarətdir ki, Azərbaycanda bu sahədə işlər çox yüksək səviyyədədir. Əlbəttə ki, burada həm dövlət siyasəti, bu siyasətin əsasları düzgün qurulubdur, eyni zamanda, bu, cəmiyyət tərəfindən irəli sürülmüş bir siyasi və ictimai sifarişdir. Bu, bizim həyat tərzimizdir. Bu, bizim dünya görüşümüzdür. Biz belə yaşayırıq və belə yaşamağımızla özümüzə, bölgəyə və dünyaya sübut edirik ki, multikulturizm yaşayır. Multikulturizm nisbətən yeni bir anlayışdır. Əslində bu, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanların birgə yaşaması deməkdir. Yəni, əsrlər boyu Azərbaycanda bu anlayış yaşayıb, bu gün də yaşayır və möhkəmlənir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində yaşamışdır. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə ən sevindirici hal ondan ibarətdir ki, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər məhz bunlardır.
Eyni zamanda, din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasında hörmətli şeyx həzrətlərinin böyük əməyi və zəhməti vardır. Şeyx həzrətləri həm ölkə daxilində, həm xaricdə böyük nüfuza malik olan bir din xadimidir. Şeyx həzrətlərinin qeyd etdiyi kimi, Azərbaycanda artıq dinlərarası, mədəniyyətlərarası dialoqa həsr edilmiş bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Azərbaycan dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün artıq bir ünvana, bir məkana çevrilmişdir. Təkcə burada coğrafi vəziyyətimiz, yaxud da ki, müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu Azərbaycanda bir ailə kimi yaşaması amilləri rol oynamır.
Burada, eyni zamanda, şeyx həzrətlərinin beynəlxalq nüfuzu da öz rolunu oynayır. Mən dövlət və hökumət başçıları ilə, öz həmkarlarımla dəfələrlə şeyx həzrətlərinin fəaliyyəti haqqında fikir mübadiləsi aparmışam. Çox şadam ki, hörmətli şeyximiz dünya səviyyəsində böyük hörmətə malik olan bir şəxsiyyətdir. Onun təşəbbüsü ilə həm beynəlxalq müstəvidə, həm Qafqazda dinlərarası dialoqun gücləndirilməsi üçün çox vacib addımlar atılır. Həm beynəlxalq tədbirlər keçirilir, həm bizim qonşu bölgələrdən olan din xadimləri vaxtaşırı Azərbaycana gəlirlər. Rusiyanın Şimali Qafqaz respublikalarının müftilərinin Azərbaycana səfərini xatırlatmaq istəyirəm. Bu, çox uğurlu səfər olmuşdur. Bu, bizi daha da birləşdirir və Qafqazda sülhün, əmin-amanlığın, dözümlülüyün təmin edilməsi üçün bu amillərin çox böyük əhəmiyyəti vardır.
Şeyx həzrətlərinin təşəbbüsü ilə təşkil edilən ənənəvi iftar süfrələrimiz də bir məqsədi güdür: biz daha da sıx birləşək, Azərbaycan cəmiyyəti daha da sıx birləşsin, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri bir daha həm dövlət, həm siyasi rəhbərlik, həm din xadimləri tərəfindən lazım olan sözləri eşitsinlər. Bu sözlər, sadəcə olaraq, yenə də deyirəm, hansısa bir niyyətin ifadəsi deyil. Bu sözlər konkret əməllərə söykənir, bu sözlərin arxasında böyük işlər dayanır. 20 il ərzində - müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən bu gözəl ab-havanın hesabına mümkün olmuşdur.
Ölkəmiz inkişaf edir. Bu, artıq reallıqdır. Azərbaycana, Bakıya və bölgələrə gələn hər bir qonaq, əgər o, obyektivdirsə, qərəzsizdirsə bu inkişafı inkar edə bilməz. Bu, bizi çox sevindirir, daha da ruhlandırır və gələcək addımları atmağa sövq edir. Biz istəyirik ki, ölkəmiz daha da güclü olsun.
Bu gün bölgədə mövqelərimiz kifayət qədər güclüdür. Azərbaycanın təsir imkanları genişlənir. Bu imkanlar yalnız regionda əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsinə xidmət edəcək və edir. Bizim güclənməyimiz bölgə üçün müsbət bir amildir. Azərbaycan bu gün bölgədə sabitləşdirici rol oynayır və bu rol getdikcə artacaqdır. Bizdə bütün azadlıqlar mövcuddur. Biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda bütün azadlıqlar, din azadlığı vardır. Ən böyük nemət din, vicdan, söz, fikir, siyasi fəaliyyət, mətbuat azadlığıdır. Bütün bu azadlıqlar Azərbaycanda vardır. Azərbaycan xalqı azad xalqdır. Biz müstəqilliyi əldə etmişik, 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, eyni zamanda, Azərbaycanda demokratiyanın inkişafı da çox böyük yol keçmişdir. Bu gün bütün azadlıqlar mövcuddur və Azərbaycan xalqı bunun bəhrəsini görür. Liberal iqtisadi siyasət siyasi islahatlarsız mümkün deyildir. Siyasi islahatlar, din sahəsində aparılan islahatlarsız mümkün deyildir. Yəni, bütün bu istiqamətlər bir-birini tamamlayır və bizim uğurlu inkişafımızı şərtləndirir.
Azərbaycan 20 il ərzində həm öz vətəndaşlarına, həm dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik və ildən-ilə Azərbaycanda sosial rifah artır, iqtisadi göstəricilərimiz bunun əyani sübutudur.
Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmaqdadır. Bildiyiniz kimi, hər bir sahə üzrə konkret proqramlar, icra mexanizmləri vardır. Bu proqramlar icra edilir və ölkəmizin uğurlu inkişafı təmin olunur. Ölkəmizdə böyük quruculuq, abadlıq işləri aparılır. Böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrdə misli görünməmiş canlanma və inkişaf hökm sürür. Bu, Azərbaycan reallıqlarıdır. Bunu biz etmişik, Azərbaycan xalqının zəhməti, istedadı, ölkəmizdə yaranmış sabitlik hesabına bütün bu işlərin görülməsi mümkün olmuşdur.
Biz müstəqilliyimizin ilk illərini də yaxşı xatırlayırıq. O vaxt Azərbaycanın vəziyyəti çox ağır idi. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran, vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü və beləliklə ölkə iqtisadiyyatının tamamilə iflic vəziyyətinə düşməsi - o illəri də biz xatırlayırıq. Biz böyük sınaqdan çıxa bilmişik. Azərbaycanın müstəqilliyi şübhə altında idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə rəhbərliyə gəlməsindən sonra bütün xoşagəlməz meyillərə son qoyuldu və ölkə inkişaf dövrünə qədəm qoydu.
Bu gün biz bu inkişafı görürük. Əlbəttə ki, bu, bizi sevindirir. Ancaq, eyni zamanda, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ görüləsi işlər çoxdur - həm iqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə. Əlbəttə ki, ölkə qarşısında duran ən başlıca vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Torpaqlarımız işğal altındadır. Bu ədalətsizlik əfsuslar olsun ki, uzun illərdir hökm sürür. Baxmayaraq ki, bütün beynəlxalq hüquq normaları, tarixi həqiqət bizim mövqeyimizi dəstəkləyir. Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Siyasi münasibətlər və bölgədəki siyasi çəkilər də Azərbaycanın üstünlüyünü əyani şəkildə sübut edir. İqtisadi üstünlük, hərbi üstünlük. Bütün cəhətlərdən Ermənistandan üstünük. Burada qeyd olundu, din xadimləri bunu qeyd etdilər, bizim işimiz haqq işidir. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan ərazilərində yaranıbdır. Biz istəyirik ki, öz ərazi bütövlüyümüzü bərpa edək.
Buna bizim haqqımız çatır. Buna bizim gücümüz də çatır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ qan tökülmədən, sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapsın. Ancaq eyni zamanda, öz prinsipial mövqeyimizdən bir addım geri atmayacağıq. Bizim mövqeyimiz bir daha demək istəyirəm ki, həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən də Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bərpa edilməlidir.
Dünyada, Avropada, başqa yerlərdə muxtariyyətlər vardır. Muxtariyyətlərin yaxşı təcrübəsi vardır. Biz bu məsələləri dərindən öyrənmişik və Avropada, qabaqcıl ölkələrdə mövcud olan praktikanı burada da tətbiq etməyə hazırıq, ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Mən heç şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Bir daha demək istəyirəm ki, bu əminliyin əsasında bir neçə amil dayanır. Birincisi - beynəlxalq hüquq, ikincisi - bizim siyasi çəkimiz, üçüncüsü - iqtisadi potensial, dördüncüsü - uğurlu gələcəyimiz, beşincisi - demoqrafiya. Ermənistan rəhbərliyi bunu nəhayət anlasın ki, demoqrafiya amili vardır və bu amil bu gün də artıq özünü büruzə verir. Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdır. Ancaq onlar heç olmasa götür-qoy etsinlər, baxsınlar ki, demoqrafik meyillər beş ildən, on ildən sonra, on beş ildən sonra nəyə gətirib çıxaracaqdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan əhalisi artır. Azərbaycanda 9 milyonuncu vətəndaş keçən ilin əvvəlində dünyaya gəlibdir və artıq ölkəmizin 9 milyon 160 mindən çox əhalisi vardır. Ermənistanda əhali, iqtisadi potensial, təbii sərvətlər azalır. Bu siyahını davam etdirmək olar. Hər bir sahədə Azərbaycanın üstünlüyü şəksizdir. Belə olan halda bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaqdır. Çox sevindirici hal ondan ibarətdir ki, bu məsələ ilə bilavasitə məşğul olan, vasitəçilik edən ölkələrin dövlət başçılarının bəyanatlarında da bu, açıq–aydın görünür və deyilir ki, status-kvo dəyişdirilməlidir.
Status-kvo dözülməzdir və dəyişdirilməlidir. Bunu ən çox istəyən Azərbaycan tərəfidir. Çünki bizim əzəli torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları tezliklə bu torpaqlara qayıtsınlar və Azərbaycanın suverenliyi bərpa edilsin.
Əziz dostlar! Bu müqəddəs Ramazan ayında sizinlə bir yerdə olmağımdan məmnunluğumu vurğulamaq istəyirəm. Bir daha demək istəyirəm ki, bu görüşlərin çox böyük mənası vardır. Bu ənənə yaşayır, yaşayacaqdır. Bu gün şeyx həzrətlərinin göstərdiyi yeni iqamətgah əminəm ki, gələn bayrama hazır olacaqdır. Bu iqamətgah da göz oxşayır. Amma yeni tikilən bina əlbəttə ki, daha da möhtəşəmdir, daha da əzəmətlidir. Amma yerdən asılı olmayaraq aramızda, cəmiyyətdə, Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin arasında olan səmimiyyət əsas məsələdir. Bu səmimiyyət vardır və bizim əlimizdədir ki, bu gözəl ab-havanı saxlayaq, daha da möhkəmləndirək, ölkəmizi gücləndirək və irəliyə aparaq. Bu müqəddəs ayda sizə və bütün Azərbaycan xalqına bir daha cansağlığı, xoşbəxtlik arzu edirəm.
Sağ olun!
X X X
Şeyxülislam Allahşükür PAŞAZADƏ Prezident İlham Əliyevə xoş sözlərinə görə təşəkkür etdi.
X X X
Sonra iftar süfrəsi açıldı.