İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
20 iyul 2018, 16:15
Parisdə, Yelisey Sarayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Yelisey Sarayına gəldi.
Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olundu.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparıldı.
Vurğulandı ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.
Dövlətimizin başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin aparıldığını qeyd etdi. Bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulandı. Prezident İlham Əliyev dedi ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olundu, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulandı. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olundu.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verdi. Ümidvarlıq ifadə olundu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək.
Daha sonra sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi imzalandı.
Sonra “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalandı.
Daha sonra “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı haqqında Anlaşma Memorandumu, “Azərbaycan Hava Yolları” QSC və “Modern Construction Group”, “Thales” şirkəti arasında Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolakasiya sisteminin quraşdırılması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azərbaycan Hava Yolları” QSC-nin kibertəhlükəsizliyi üçün tam təhlilin hazırlanması müqaviləsi, “Azərbaycan Hava Yolları” QSC və “Thales” şirkəti arasında “Azeraeronaviqasiya” Hava Hərəkəti İdarəsində kibertəhlükəsizliyin təmini üçün tam təhlilin hazırlanması müqaviləsi və “Azərbaycan Hava Yolları” QSC ilə “Thales” şirkəti arasında uçuş heyətləri üçün inteqrasiya edilmiş brifinq sisteminin yaradılması üzrə Niyyət Məktubu imzalandı.