Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda İlham Əliyevin nitqi
26 iyun 2018, 09:51
-Əziz əsgərlər, zabitlər, generallar.
Əziz hərbçilər.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Ordusunun 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə yeni uğurlar, yeni nailiyyətlər arzulayıram.
Keçən ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan biri Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra respublika süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilmişdir. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün çox ağır keçmişdir, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı. 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı. Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkə daxillində çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı işğalçılıq siyasəti aparırdı. Bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi.
Müstəqilliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişlər. Ona görə, Ulu Öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar arasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə, o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin cəlb olunması təmin edilmişdir, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Ölkədə aparılan siyasi, iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir. Bu siyasət bu gün də davam etdirilir. 1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tariximizdə qalmışdır.
2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.
Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi-Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımızı zəbt etmişdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquqa görə də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir və orada da göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və öz qüvvəsini itirməyib.
Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Aralarında uşaqlar, qadınlar, qocalar da olan 600-dən çox günahsız insan erməni cəlladları tərəfindən qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür. Bu gün dünyanın 10-dan çox ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyıb.
Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir.
2003-cü ildən bu günə qədər bizim hərbi xərclərimiz 15 dəfə artmışdır. Hərbçilərin xidmət şəraiti yaxşılaşır. Son illər ərzində onlarla hərbi şəhərcik yaradılmışdır. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Hərbi hissələrimizin, hərbi şəhərciklərimizin 80 faizi son bir neçə il ərzində yenidən tikilib və ya əsaslı təmir edilib. Növbəti 2-3 il ərzində bizim bütün şəhərciklərimiz tam təmirli olacaq. Beləliklə, bu məsələ də öz həllini tapmış olacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilmiş qərar əsasında 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Bu gün bizim hərbi hissələrimizdə 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdilər. Biz əsgərləri məişət işlərindən azad etdik. Eyni zamanda, mülki vətəndaşlar üçün 20 mindən çox iş yeri yaradılmışdır.
Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Bu gün bu silahların kiçik bir hissəsi paradda nümayiş etdiriləcək.
Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.
Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var.
Ordumuzun döyüş qabiliyyəti artır. Mən dəfələrlə hərbi hissələrdə vəziyyətlə tanış olarkən qeyd edirdim ki, Azərbaycanda çox yüksək vətənpərvərlik ruhu var. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir.
Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır.
Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.
2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Azərbaycan!