İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb
19 iyul 2018, 20:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.
Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.
Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu dedi. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışdı, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd etdi. Bildirdi ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Görüşdə vurğulandı ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu dedi. Vurğulandı ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır.
Söhbət zamanı parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edildi, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırıldı.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Senatın sədri vurğuladı ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.
Sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.