Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi QAYDASI
16 iyul 2018, 19:53
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 16 iyul tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində (bundan sonra – müvafiq sahə) nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Müvafiq sahədə nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, habelə qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.
1.3. Müvafiq sahədə nəzarət edilən subyektlər aşağıdakılardır:
1.3.1. elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçıları (məişət abonentləri istisna olmaqla);
1.3.2. qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlər və istehlakçılar.
1.4. Müvafiq sahədə nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.
1.5. Agentlik tərəfindən müvafiq sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
1.6. Agentlik enerji təchizatının etibarlılığını təmin etmək məqsədi ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yanacaq ehtiyatının maliyyələşdirilməsinə, yaradılmasına, qorunmasına, istifadəsinə, həcminə və uçotunun həyata keçirilməsinə nəzarət edir.
2. Elektrik və istilik enerjisi təchizatı sahəsində nəzarətin təşkili
2.1. Elektrik və istilik enerjisi təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı Agentliyin aşağıdakı səlahiyyətləri vardır:
2.1.1. elektrik və istilik enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
2.1.2. elektrik və istilik enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrin enerji resurslarından səmərəli istifadəsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarət etmək;
2.1.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar aparmaq;
2.1.4. tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadə üzrə ekspertizasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirmək;
2.1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək.
2.2. Enerjiyə qənaət və enerji resurslarından səmərəli istifadəyə dair tələblərə əməl olunmasına nəzarət həyata keçirilərkən Agentlik aşağıdakıları araşdırır:
2.2.1. dövlət müəssisələrində elektrik və istilik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunması;
2.2.2. elektrik və istilik enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarına əməl edilməsi, bu normaların azaldılması üzrə tapşırıqların, habelə elektrik və istilik enerjisinə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;
2.2.3. elektrik və istilik enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrdə enerji istehsalına sərf olunan yanacaq normalarının azaldılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
2.2.4. elektrik və istilik enerjisi təchizatı şəbəkələrində, habelə enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;
2.2.5. istehlak olunan elektrik və istilik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılması.
2.3. Agentlik tərəfindən bu Qaydanın 2.1.5-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:
2.3.1. enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
2.3.2. Agentlik və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;
2.3.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;
2.3.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
2.3.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
2.3.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
2.3.7. elektrik veriliş xəttinin sınaq protokolu və qapalı işlər aktı;
2.3.8. elektrik sayğacının quraşdırılması aktı.
2.4. Agentlik bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulmuş halda texniki baxış keçirərkən aşağıdakılar müəyyən edilir:
2.4.1. elektrik xətlərinin çəkilməsinin və tikinti-quraşdırma işlərinin texniki şərtlərin və enerji təchizatı layihəsinin tələblərinə uyğunluğu;
2.4.2. elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işlərinin elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğunluğu.
2.5. Bu Qaydanın 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş uyğunluq halları müəyyən edildiyi təqdirdə, istismara buraxılış aktı Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilərək sifarişçiyə təqdim edilir.
2.6. Agentlik tərəfindən nəzarət həyata keçirilərkən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da araşdırılır:
2.6.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavəsinin 57-ci hissəsində nəzərdə tutulmuş icazəni almış şəxs tərəfindən icazə şərtlərinə əməl olunması;
2.6.2. dövlət elektroenergetika və enerji təchizatı müəssisələri tərəfindən texniki şərtlərin qanunvericiliyə uyğun verilməsi;
2.6.3. elektrik və istilik enerjisi istehsalı və təchizatı müəssisələrində elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması proseslərinin idarə edilməsi, mərkəzi və yerli idarəetmə səviyyəsində dispetçer xidmətlərinin işinin mövcud qaydalara, təlimatlara və digər hüquqi aktların tələblərinə uyğun təşkil olunması;
2.6.4. elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar elektrik enerji istehsalı və təchizatı müəssisələrinin tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunması və yerinə yetirilməsi;
2.6.5. elektrik və istilik təchizatı sahələrində qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, habelə iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunması;
2.6.6. elektrik və istilik enerjisi istehsalı və təchizatı müəssisələri tərəfindən payız-qış mövsümünə hazırlıq işlərinin aparılması;
2.6.7. elektrik və istilik enerjisinə tələbatın tam ödənilməsi məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi;
2.6.8. istehlakçılara elektrik enerjisinin verilməsinin dayandırılmasının qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilməsi.
3. Qaz təchizatı sahəsində nəzarətin təşkili
3.1. Qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı Agentliyin aşağıdakı səlahiyyətləri vardır:
3.1.1. qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
3.1.2. sənaye qaz qurğusunun istismarına icazə vermək;
3.1.3. qazdan səmərəli istifadəni, məişət qaz qurğularının etibarlı istismarını təmin etmək məqsədi ilə həmin qurğulara və qazpaylayıcı şəbəkələrə texniki baxış keçirilməsində iştirak etmək;
3.1.4. qaz təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrin enerji resurslarından səmərəli istifadəsinin təmin edilməsinə, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarət etmək;
3.1.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar aparmaq;
3.1.6. istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini – tərkibini, sıxlığını, rütubətliliyini, istilik yaratmaq qabiliyyətini və digər göstəricilərini laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlamaq;
3.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulunda və qaz şəbəkəsinə qoşulmasında, habelə sənaye qaz qurğusu olan istehlakçının qaza tələbatında dəyişiklik baş verdikdə qaz sayğaclarının dəyişdirilməsində iştirak etmək;
3.1.8. tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin qazdan səmərəli istifadə üzrə ekspertizasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirmək.
3.2. Qaza qənaət və qazdan səmərəli istifadəyə dair tələblərə əməl olunmasına nəzarət həyata keçirilərkən Agentlik aşağıdakıları araşdırır:
3.2.1. dövlət müəssisələrində qazın istehlakı limitlərinə əməl olunması;
3.2.2. qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün qazın istifadəsi, itkisi və texnoloji sərfi normalarına əməl edilməsi, bu normaların azaldılması üzrə tapşırıqların, habelə qaza qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;
3.2.3. qazpaylayıcı şəbəkələrdə, habelə qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi;
3.2.4. istehlak olunan təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılması;
3.2.5. qazdan səmərəli və qənaətlə istifadə olunması məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi.
3.3. Agentlik tərəfindən bu Qaydanın 3.1.2-ci yarımbəndinə uyğun olaraq texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
3.3.1. qaz paylayıcısının verdiyi texniki şərt;
3.3.2. Agentlik və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi;
3.3.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;
3.3.4. buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;
3.3.5. quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;
3.3.6. qaz sayğacının quraşdırılması aktı.
3.4. Agentlik tərəfindən bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda texniki baxış keçirilərkən aşağıdakılar müəyyən edilir:
3.4.1. tikinti-quraşdırma işlərinin texniki şərtlərin və qaz təchizatı layihəsinin tələblərinə uyğunluğu;
3.4.2. tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğunluğu.
3.5. Bu Qaydanın 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş uyğunluq halları müəyyən edildiyi təqdirdə, icazə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilərək sifarişçiyə təqdim edilir.
3.6. Agentlik tərəfindən nəzarət həyata keçirilərkən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da araşdırılır:
3.6.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavəsinin 62-ci hissəsində nəzərdə tutulmuş icazəni almış şəxs tərəfindən icazə şərtlərinə əməl olunması;
3.6.2. qaz təchizatı sahəsində qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, habelə iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunması.
3.7. Agentlik tərəfindən qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinə nəzarət həyata keçirilərkən bu Qaydanın 3.2-ci və 3.6-cı bəndlərində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da araşdırılır:
3.7.1. qaz paylayıcısı tərəfindən qaz təchizatı üçün texniki şərtlərin qanunvericiliyə uyğun verilməsi;
3.7.2. qaza olan tələbatın tam ödənilməsi məqsədi ilə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi;
3.7.3. istehlakçılara qazın verilməsinin dayandırılmasının qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilməsi;
3.7.4. qazın istehsalı, emalı, saxlanması, nəqli və istehlakı haqqında uçot və hesabatın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun aparılması;
3.7.5. qaz paylayıcısı tərəfindən təmir-profilaktika işlərinin illik iş planında göstərilən müddətlərdə aparılması;
3.7.6. istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunun aparılması;
3.7.7. istehlakçılara qazın verilməsində təzyiq rejimlərinə əməl edilməsi;
3.7.8. payız-qış mövsümünə hazırlıq işlərinin aparılması.
4. Nəzarətin nəticələrinin rəsmiləşdirilməsi
Nəzarətin nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.