İlham Əliyev Yasamal və Nəsimi rayonlarında 225 və 35 nömrəli orta məktəblərdə aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur
08 avqust 2011, 19:00
Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 225 nömrəli və Nəsimi rayonunun ərazisində yerləşən 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil obyektinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçası binasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.
Prezident İlham Əliyev əvvəlcə Bakının Yasamal rayonundakı 225 nömrəli məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Dövlət başçısına görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, 38 sinif otağı, 729 şagird yeri olan məktəb binası 1964-cü ildə istifadəyə verilib. Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan 225 nömrəli məktəb 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dörd mərtəbədən ibarət olan bu məktəb binası da Dövlət Proqramı çərçivəsində əsaslı şəkildə yenidən qurulur.
Görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 35 nömrəli orta məktəb binasında aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə də tanış oldu. Təmir işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 450 şagird yeri olan bu məktəb binası 1930-cu ildə istifadəyə verilib. Məktəbdə dərslər iki növbədə tədris olunur və burada 700 nəfər şagird təhsil alır. Məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı həyata keçirilən proqram çərçivəsində 35 nömrəli məktəbin köhnə binası əsaslı şəkildə yenidən qurulacaq, burada 20 sinif otağından ibarət üçmərtəbəli yeni korpus və idman zalı da inşa ediləcəkdir.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.