Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin NİZAMNAMƏSİ
26 iyun 2018, 17:03
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın (bundan sonra - sahibkarlıq) inkişafını dəstəkləyən, onun tənzimlənməsində, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra - sahibkar) maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.
1.2. Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları (yerli və xarici valyutada), öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.7. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. Agentliyin fəaliyyətinin məqsədi mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iştirak etməkdən, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirməkdən, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaqdan, maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdən və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirməkdən, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirməkdən, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılmasına, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdan ibarətdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. mikro, kiçik və orta sahibkarlıq sahəsində (bundan sonra – müvafiq sahə) vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak etmək;
2.2.2. müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirləri həyata keçirmək;
2.2.3. müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin etmək;
2.2.4. kiçik və orta biznes evlərində (bundan sonra – KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət etmək;
2.2.5. KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin etmək;
2.2.6. dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
2.2.7. müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır:
3.1.1. sahibkarlığın inkişafını dəstəkləmək;
3.1.2. qlobal iqtisadi çağırışlara uyğun olaraq, ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək;
3.1.3. sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək;
3.1.4. sahibkarlar arasında sorğular keçirmək, onların problemlərini və sahibkarlığın inkişaf meyillərini öyrənmək, biznes və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı təkliflər vermək;
3.1.5. sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.6. müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq;
3.1.7. müvafiq sahədə dövlət–sahibkar münasibətlərinin səmərəliliyinin, əlaqə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;
3.1.8. sahibkarların fəaliyyətinin təşviqi məqsədilə beynəlxalq təcrübədə uğurla tətbiq edilən, dövlət–sahibkar tərəfdaşlığına əsaslanan sənaye və xidmət klasterlərinin, xüsusi rejimli zonaların, texnoparkların, aqroparkların, bazarların, terminalların, anbarların, mərkəzlərin, xüsusi məqsədli vasitələrin (“Special Purpose Vehicle”) və model müəssisələrin yaradılması ilə bağlı təkliflər vermək və onların fəaliyyətində iştirak etmək;
3.1.9. müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etməklə, ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində onlarla dövlət qurumları arasında qarşılıqlı etimadın artırılması ilə bağlı tədbirlər görmək;
3.1.10. sahibkarların fəaliyyətinə təsir edən qanunvericilik aktlarının, o cümlədən onların layihələrinin beynəlxalq təcrübədə geniş tətbiq olunan təsir təhlillərini aparmaq, iqtisadi və digər aspektlərinin ekspertizasını həyata keçirmək və təkliflər vermək;
3.1.11. özəl sektorun və ictimai təşkilatların nümayəndələri ilə birlikdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı tədbirlər görmək, ictimai şuralar yaratmaq, habelə bu məqsədlə elm və təhsil müəssisələri ilə əməkdaşlıq edərək birgə proqramlar həyata keçirmək, onlarla sahibkarlar arasında əməkdaşlığı təşkil etmək;
3.1.12. startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək;
3.1.13. innovativ sahibkarlığı təşviq etmək üçün startapların və sahibkarların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlar və texnoloji transfer mərkəzləri ilə qarşılıqlı fəaliyyətini əlaqələndirmək, həmçinin biznes inkubatorların, sənaye və texnologiyalar parklarının və müvafiq sahədə tədris mərkəzlərinin fəaliyyətinin təşkilində iştirak etmək;
3.1.14. mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin sahibkarlara vahid məkanda (KOB evlərində) xidmət göstərmələrini təşkil etmək, əlaqələndirmək və xidmətlərin sahibkarların məmnunluğu təmin edilməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun göstərilməsinə nəzarət etmək;
3.1.15. dövlət qurumlarında sahibkarların maraqlarını təmsil etmək üçün agent və təmsilçilik, habelə səlahiyyətli iqtisadi operator funksiyalarını həyata keçirmək və sahibkarlarla tərəfdaşlıq (partnyorluq) əlaqələri yaratmaq;
3.1.16. KOB evlərində, kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət–Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında xidmətlərin qanuna uyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsinə dair daxili nəzarət, monitorinq və qiymətləndirmə aparılmasını təmin etmək;
3.1.17. KOB evlərində təşkil olunan xidmətlər göstərilməsi prosedurunun (tələb olunan sənədlərin və müddətlərin) sadələşdirilməsi ilə bağlı təkliflər vermək;
3.1.18. KOB evlərində dövlət qurumlarının göstərdikləri xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulunu həyata keçirmək;
3.1.19. İKT sahəsində, habelə müasir texnologiyaları geniş tətbiq etməklə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə resurslarından istifadə imkanlarını genişləndirmək və onlara digər yardım göstərmək;
3.1.20. sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək, bu məqsədlə KOB evlərinin tərkibində və ya ayrılıqda biznes inkubatorlar, biznes akseleratorları və biznesə dəstək mərkəzləri yaratmaq;
3.1.21. təhsil və ictimai tərbiyə (sosial pedaqogika) sistemlərində sahibkar düşüncə tərzinin formalaşdırılması, ömürboyu öyrənmək və milli profilli (ölkəyə məxsus ənənələr, brendlər, mətbəx, naxışlar, ritmlər, səriştələr, dəyərlər və s.) sahibkarlıq mədəniyyətini formalaşdırmaq məqsədilə kurikulumların, tədris proqramlarının, dərsliklərin, media və digər kommunikasiya siyasətinin hazırlanması və resursların tərtibi proseslərində iştirak etmək;
3.1.22. sağlam iş yeri yaradılması, sahibkarlıq sahəsində maarifləndirilmə məqsədilə sağlam milli təhsil profilinin təşviqi üçün tədbirlər görmək;
3.1.23. sahibkarları təmsil edən qurumlar və biznes assosiasiyaları ilə sıx əməkdaşlıq etmək, sahibkarların hüquqlarının qorunması və onların inkişafı istiqamətində birgə tədbirlər həyata keçirmək;
3.1.24. sahibkarlar arasında klasterləşmə və partnyorluq yanaşmasının formalaşması və onların buna marağının artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
3.1.25. sahibkarlarla ölkədə mövcud olan sənaye parkları, məhəllələri, aqroparklar, klasterlər, xüsusi iqtisadi zonalar, model müəssisələr, texnoparklar və innovasiya mərkəzləri arasında əlaqələrin koordinasiyasını təşkil etmək, onların sənaye zonalarının rezidenti kimi qeydiyyatını aidiyyəti dövlət qurumları ilə birlikdə təşviq etmək;
3.1.26. mikro, kiçik və orta sahibkarlarla ölkədə fəaliyyət göstərən iri sahibkarlar arasında əməkdaşlığı təşviq etmək, onların vertikal klasterlərdə birləşməsini dəstəkləmək və bununla bağlı mexanizmlər, biznes modelləri, xüsusi məqsədli vasitələr (“Special Purpose Vehicle”) hazırlayıb tətbiq etmək;
3.1.27. yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar (sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişafı istiqamətlərində təlim proqramları və s.) barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandırmaq, onların bu kampaniyalarda iştirakını stimullaşdırmaq və aidiyyəti qurumlarla əməkdaşlığını təmin etmək;
3.1.28. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan sənədlər, vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.), biliklərin və resursların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” bölməsinin və “Elektron sahibkar” sisteminin yaradılmasını, elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək;
3.1.29. ölkədə fəaliyyət göstərən sahibkarların işini əlaqələndirmək, sahibkarlığın təchizat zənciri sisteminin və satınalma şəbəkəsinin yaradılmasını və idarə edilməsini təşkil etmək üçün portalın daxilində “KOB e-şəbəkə”sini yaratmaq və elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək;
3.1.30. sahibkarların problemlərinin çevik həlli ilə bağlı tədbirlər görmək, onların şikayətlərini qəbul etmək, araşdırmaq, dövlət orqanları və təşkilatlarının sahibkarların qanuni hüquqlarını pozan qərarları (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı dövlət orqanları və təşkilatları qarşısında məsələ qaldırmaq;
3.1.31. sahibkarların vahid reyestrinin aparılması və təkmilləşdirilməsi üçün dövlət orqanlarına müvafiq təkliflər vermək;
3.1.32. ölkədə sahibkarlığın inkişafı sahəsində araşdırmalar, təhlillər, monitorinqlər aparmaq, hesabatlar hazırlamaq və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
3.1.33. sahibkarlıq sahəsində inkişafa nail olunması məqsədilə hədəf istiqamətlərin müəyyən edilməsi, bu sahədə strateji planların, yol xəritələrinin, tədbirlər planlarının hazırlanması ilə bağlı təkliflər vermək;
3.1.34. müvafiq sahədə fəaliyyət göstərən qurumlar, dövlət orqanları, kommersiya və qeyri-hökumət təşkilatları, sahibkarların ittifaqları və assosiasiyaları, elm-təhsil müəssisələri ilə əlaqələr qurmaq;
3.1.35. Agentliyin təklifləri əsasında sahibkarların inkişafına dəstək məqsədilə yaradılacaq işçi qruplara dövlət qurumlarını, aidiyyəti təşkilatları cəlb etmək, yaradılmış işçi qruplar arasında əlaqələr qurmaq, koordinasiya fəaliyyətini həyata keçirmək;
3.1.36. sahibkarların rastlaşdıqları problemlərin həllində kömək göstərmək və aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
3.1.37. müvafiq müqavilələr əsasında sahibkarlara vergi, gömrük, mühasibat uçotu, ofis, məsləhət, laboratoriya müayinəsi, biznes inkubasiya, təlim, mentorluq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək;
3.1.38. ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri görmək, habelə aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri bu növ dəstək tədbirlərini əlaqələndirmək;
3.1.39. potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək;
3.1.40. investisiya yatırmaqda maraqlı olan xarici investorlarla investisiya axtarışında olan sahibkarlar, habelə təchizatçı və birgə müəssisələr arasında vasitəçilik etmək, onların görüşünü təşkil etmək və lazımi dəstəyi təmin etmək;
3.1.41. startapların və sahibkarların maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara, biznesə dəstək (venture) kapitalına və s.) çıxış imkanlarının genişləndirilməsinə dəstək vermək;
3.1.42. yeni biznes ideyası olan şəxslərə və startaplara ilkin biznes fəaliyyətinin təşkili məqsədilə maliyyə dəstəyi vermək, o cümlədən xarici qrantlar hesabına layihələrin maliyyələşdirilməsini təşkil etmək, bu istiqamətdə müxtəlif proqramlar hazırlamaq və müsabiqələr keçirmək;
3.1.43. donor təşkilatların və qeyri-hökumət təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələrini əlaqələndirmək və birgə təşəbbüslər həyata keçirmək;
3.1.44. sahibkarlara öz fəaliyyətini qurmağa və genişləndirməyə imkan verən, müxtəlif xidmətləri və imkanları bir arada təklif edən proqramlar, dəstək tədbirləri və layihələr həyata keçirmək;
3.1.45. perspektivli və inkişaf etməkdə olan sahibkarların güzəştli maliyyə resurslarından istifadə imkanlarını genişləndirən təşəbbüslər həyata keçirmək, bu istiqamətdə müvafiq dövlət və özəl maliyyə institutları ilə əməkdaşlıq etmək;
3.1.46. innovativ sahibkarların aşkarlanmasını və inkişaf etdirilməsini, onların texnoloji yeniliklərdən faydalanma bacarıqlarının artırılmasını və sahibkarların elmi tədqiqatlar aparmasını müxtəlif proqramlar reallaşdırmaqla dəstəkləmək;
3.1.47. sənayedə araşdırma və inkişafyönümlü fəaliyyətin dəstəklənməsi və bu fəaliyyətin həyata keçirilməsi üçün texnoparkların, innovasiya mərkəzlərinin yaradılması ilə bağlı aidiyyəti qaydada təkliflər vermək;
3.1.48. təhsil, elm, istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, universitetlərin, eləcə də dövlət və özəl araşdırma təşkilatlarının innovasiya infrastrukturundan sahibkarların faydalanması, sənaye və universitet əməkdaşlığının gücləndirilməsi üçün tədbirlər görmək;
3.1.49. innovativ layihələr üzrə biznesə dəstək (venture) fəaliyyətini və investorların innovativ sahibkarlara kapital qoyuluşunu təşviq etmək;
3.1.50. innovasiya sahəsində ixtisaslaşan sahibkarların assosiasiyasının inkişafı ilə bağlı təkliflər vermək;
3.1.51. biznes sahələri üzrə ixtisaslaşmış biznes assosiasiyalarının və ictimai birliklərin yaradılmasını təşviq etmək, məlumat bazasını formalaşdırmaq, onların fəaliyyətini əlaqələndirmək və illik hesabatları ilə tanış olmaq, assosiasiya, ictimai birlik və fondların yerli və beynəlxalq inteqrasiyasını dəstəkləmək və onlara çıxışı təmin etmək;
3.1.52. ölkə iqtisadiyyatında istehsal və xidmət sahələrini araşdırmaq, onların sənayelərinin yaradılması ilə bağlı layihələr təqdim etmək;
3.1.53. sahibkarların istehsal etdikləri malların, gördükləri işlərin və göstərdikləri xidmətlərin realizəsi məqsədilə potensial sifarişçilərin tapılmasında müvafiq kömək göstərmək, dövlət satınalmalarında sahibkarların iştirakının artırılması ilə bağlı tədbirlər həyata keçirmək;
3.1.54. sahibkarların “yaşıl iqtisadiyyat”da rolunun yüksəldilməsini, onların ekoloji təhlükəsizliyi təmin edən əmtəə və xidmətlər istehsalını genişləndirmələrini təşviq etmək;
3.1.55. ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək;
3.1.56. sahibkarlar üçün satışa dəstək mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.1.57. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.1.58. sahibkarların xarici və yerli sərgilərdə iştirakını təşviq etmək və bu sahədə müvafiq tədbirlər görmək;
3.1.59. sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin və ixracyönümlülüyünün artırılması məqsədilə məhsulların istehsalı, qablaşdırılması, satışı və ixracı üzrə beynəlxalq standartların mənimsənilməsi və tətbiqi ilə bağlı sahibkarlara dəstək vermək və onların məhsullarının daxili və xarici bazarlarda satışını təşviq etmək;
3.1.60. xərclərin azaldılması, səmərəliliyin artırılması və yeni bazarlara çıxış sahəsində sahibkarlara dəstək məqsədilə standartların araşdırılması və tətbiqi istiqamətində tədbirlər görmək;
3.1.61. sahibkarların fəaliyyəti ilə bağlı aidiyyəti qanunvericilik aktları və həmin aktlarda dəyişikliklər barədə izahedici və məlumatlandırıcı yenilikləri kütləvi informasiya resursları vasitəsilə mütəmadi olaraq operativ şəkildə sahibkarlara təqdim etmək;
3.1.62. sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin (“Young Internship Programmes”) təşviqi və bu sahədə koordinasiyanın həyata keçirilməsi üçün təkliflər vermək və ali təhsil müəssisələri ilə əməkdaşlıq etmək;
3.1.63. mülkiyyətindəki (balansındakı) əmlakdan, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin etmək;
3.1.64. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.65. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.66. sahibkarları Agentliyin fəaliyyəti və onları maraqlandıran məsələlər haqqında operativ məlumatlandırmaq məqsədilə “çağrı mərkəzi” yaratmaq və onun səmərəli fəaliyyətini təşkil etmək;
3.1.67. sahibkarlar üçün bacarıqlı mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və həmin təkliflərin həyata keçirilməsində iştirak etmək;
3.1.68. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.69. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
3.1.70. malların (işlərin və xidmətlərin) satın alınması, həmçinin müvafiq sahədə ehtiyacların qarşılanması üçün qanunla müəyyən edilmiş qaydada müsabiqələr keçirmək və müqavilələr bağlamaq;
3.1.71. bu Nizamnamə ilə Agentliyə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatları və illik iş planını Nazirliyə təqdim etmək;
3.1.72. sahibkarlara dəstək tədbirlərinin səmərəliliyini qiymətləndirmək və nəticələri barədə hesabatları Nazirliyə təqdim etmək;
3.1.73. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar yaratmaq;
3.1.74. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. Nazirliklə razılaşdırmaqla sahibkarlara müxtəlif xidmətləri (biznes inkubasiya, təlimlər, məsləhət xidmətləri, informasiya, hüquqi yardım, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən KOB evləri yaratmaq və fəaliyyətini təşkil etmək;
3.2.2. kadrların hazırlanması və ixtisasının artırılması sahəsində sahibkarlara kömək məqsədilə aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
3.2.3. sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin məhkəmədənkənar qaydada mediasiya yolu ilə həlli üçün müvafiq tədbirlər görmək;
3.2.4. dövlət–sahibkar tərəfdaşlığına əsaslanan infrastruktur layihələrinin həyata keçirilməsində sahibkarların təchizatçı kimi iştirakını stimullaşdıran tədbirlər görmək;
3.2.5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahədə aparılan yoxlamalarda müşahidəçi kimi iştirak etmək;
3.2.6. sahibkarlıq sahəsində qabaqcıl təcrübəni öyrənmək, tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq;
3.2.7. müvafiq sahədə beynəlxalq tədbirləri Azərbaycan Respublikasında keçirmək;
3.2.8. sahibkarların həyata keçirəcəkləri innovativ və bilik əsaslı layihələri müsabiqə yolu ilə seçmək, onlara texniki, təşkilati və maliyyə dəstəyi göstərmək üçün öz maliyyə resursları ilə bərabər, həmçinin operator qismində beynəlxalq təşkilatlardan və fondlardan birdəfəlik qrant formasında vəsait cəlb olunmasını təmin etmək;
3.2.9. qaçqın və məcburi köçkün sahibkarların fəaliyyətinə, eləcə də qaçqın şəhərciklərində mikro, kiçik və orta sahibkarlığın, sosial sahibkarlığın (özünüməşulluğun), əlillər və gənclər arasında sahibkarlığın inkişafına yardım göstərmək;
3.2.10. investisiyaların cəlbi üçün aidiyyəti dövlət qurumları ilə birlikdə investorlar arasında sorğular aparmaq, onların təklifləri əsasında investisiya mühitinin təkmilləşdirilməsi və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər vermək;
3.2.11. sahibkarların elmi tədqiqat işlərini və innovasiyaların tətbiqini genişləndirməsi, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etməsi və xidmətlər göstərməsi üçün tədbirlər görmək;
3.2.12. sahibkarlara xidmət edəcək inkişaf fondlarını təşkil və idarə etmək;
3.2.13. onlayn və distant təlim və yardım proqramlarının (təlim, məsləhət, sual-cavab, biznes planlarının və investisiya layihələrinin tərtibi və s.) həyata keçirilməsini təmin etmək;
3.2.14. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.15. müvafiq sahədə stimullaşdırıcı tədbirlər və müsabiqələr təşkil etmək, qalibləri mükafatlandırmaq və ya dövlət tərəfindən güzəştlərin tətbiq olunması məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatlar vermək;
3.2.16. dövlət qurumlarına, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.17. həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, elmi-analitik jurnal, bülleten buraxmaq, internet saytı yaratmaq, kitablar, məqalələr və digər materiallar nəşr etmək;
3.2.18. sahibkarların inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin elm və təhsil təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsini təşkil etmək;
3.2.19. yerli istehsalın və xidmətlərin genişləndirilməsinə, yeni sahibkarların yaranmasına və onların fəaliyyətinin davamlılığına şərait yaradılması məqsədilə sahibkarların dövlət satınalmalarında iştirakını təmin etmək üçün aidiyyəti dövlət orqanlarının, özəl sektorun və ictimai birliklərin nümayəndələri ilə birlikdə müvafiq tədbirlər həyata keçirmək;
3.2.20. sahibkarları biznes layihələrinə cəlb etmək və onların bu layihələrdə iştirakını təmin etmək üçün hüquqi və fiziki şəxslərlə birgə layihələr təşkil etmək, bu layihələrdə iştirak etmək və bununla bağlı sahibkarların biznes maraqlarına xidmət edən hər hansı müvafiq fəaliyyəti həyata keçirmək;
3.2.21. bütün regionlarda sahibkarlara dəstək infrastrukturuna aid olan təşkilatların xidmətlərinin monitorinqini aparmaq və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.2.22. sahibkarlar üçün ixtisaslı mütəxəssislərə dair məlumat bazası yaratmaq;
3.2.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq, konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.24. pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;
3.2.25. KOB evlərində özəl sektorun gördüyü işlərə və göstərdiyi xidmətlərə görə haqq almaq;
3.2.26. tərəflərin razılığı ilə fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;
3.2.27. Agentliyin və sahibkarların fəaliyyətini təmin etmək məqsədilə daşınmaz əmlak obyektlərinin ayrılması və müvafiq icazələrin verilməsi barədə vəsatətlə çıxış etmək;
3.2.28. müvafiq sahədə digər dövlət orqanları və qurumları ilə qarşılıqlı fəaliyyət göstərmək, o cümlədən vətəndaşlara xidmət, sosial innovasiyalar və sahibkarlara dəstək istiqamətində mövcud infrastruktur və şəbəkədən əlaqəli şəkildə istifadə etmək;
3.2.29. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
5. Müşahidə Şurası
5.1. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
5.2. Şura, onun sədri də daxil olmaqla 7 üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Şuranın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.
5.3. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
5.4. Şura qərar qəbul etməkdə müstəqildir.
5.5. Şura aşağıdakı vəzifələri yerinə yetirir:
5.5.1. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı təkliflər verir;
5.5.2. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə baxır və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflər verir;
5.5.3. Şuranın öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini İdarə Heyətinin sədrindən və Agentliyin digər vəzifəli şəxslərindən tələb edir;
5.5.4. Agentliyin fəaliyyətinə dair İdarə Heyəti sədrinin hesabatını dinləyir;
5.5.5. Şura üzvlərinin və İdarə Heyəti sədrinin müraciətlərinə baxır və qərar qəbul edir;
5.5.6. Agentliyin nizamnamə fondunun və strukturu üzrə işçilərinin say həddinin artırılması ilə bağlı təkliflər verir.
5.6. Şuranın növbəti iclasları ildə azı bir dəfə olmaqla çağırılır. Şuranın növbədənkənar iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şuranın sədri və azı digər 4 (dörd) üzvü iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
5.7. Şuranın iclasında İdarə Heyətinin sədri iştirak edir.
5.8. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
5.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla qərar qəbul edilə bilməz.
5.10. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura Protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.
5.11. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
5.12. Şuranın katibi:
5.12.1. Şuranın iclaslarını təşkil edir;
5.12.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şuranın üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;
5.12.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
5.12.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
5.12.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
5.13. Şuranın sədri:
5.13.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
5.13.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
5.13.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
5.13.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
5.14. Şuranın üzvləri:
5.14.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
5.14.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
5.14.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
5.14.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılma barədə təklif verirlər;
5.14.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
5.15. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
6. İdarə Heyəti
6.1. Agentliyin İdarə Heyəti beş üzvdən ibarətdir.
6.2. İdarə Heyətinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. İdarə Heyəti sədrinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi birinci müavini və üç müavini vardır. İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri onun həvalə etdiyi vəzifələri yerinə yetirirlər. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, müvafiq əmrlə birinci müavini və ya müavinlərindən biri onu əvəz edir.
6.3. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
6.3.1. Şuranın qərarlarını icra edir;
6.3.2. müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirliyə və Şuraya təkliflər verir və sənədlər təqdim edir;
6.3.3. Agentliyin strateji məqsədlərinin və inkişaf istiqamətlərinin müəyyən olunmasına, habelə onun fəaliyyətinin təkmilləşdirilməsinə dair Şuraya və Nazirliyə təkliflər verir;
6.3.4. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
6.3.5. Nazirliklə razılaşdırmaqla Agentliyin illik iş planını təsdiq edir;
6.3.6. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır.
6.4. İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:
6.4.1. Agentliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
6.4.2. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər verir;
6.4.3. Agentliyin büdcəsinin layihəsini hazırlayaraq Nazirliyə təqdim edir;
6.4.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;
6.4.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;
6.4.6. Nazirliklə razılaşdırmaqla, KOB evlərinin ərazi baxımından ayrı-ayrı obyektlərdə fəaliyyətinin təşkili və dayandırılması ilə bağlı qərar qəbul edir;
6.4.7. Agentliyin və digər dövlət orqanlarının KOB evlərində fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınma qaydasını təsdiq edir;
6.4.8. Agentliyin cari fəaliyyəti ilə bağlı bu Nizamnamədə ona həvalə edilmiş vəzifələrin icra vəziyyəti barədə Şuraya hesabat verir;
6.4.9. Agentliyin Aparatının və qurumlarının xərclər smetasını təsdiq edir;
6.4.10. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
6.4.11. Agentliyin və KOB evlərinin, o cümlədən Agentliyin idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi haqqında qərarlar qəbul edir;
6.4.12. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, o cümlədən Agentliyə işə qəbul, əməkdaşların qiymətləndirilməsi və daxili intizam qaydalarını, əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini, sənədlərin nümunəvi formalarını, habelə Agentliyin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;
6.4.13. Agentlik və KOB evləri əməkdaşlarının etik davranış qaydalarını təsdiq edir, həmin qaydalara nəzarəti, monitorinqi və qiymətləndirməni təşkil edir;
6.4.14. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və aidiyyəti üzrə təqdim edir;
6.4.15. Agentliyin yerli və ya xarici kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
6.4.16. Agentliyin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulmuş mənbələrdən Agentliyin sərəncamına daxil olan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
6.4.17. Agentliyin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin edir;
6.4.18. Agentliyin illik hesabatını, mühasibat balansını və digər maliyyə hesabatlarını imzalayır və qeyd olunan sənədləri kənar auditorun rəyi ilə birlikdə Şuraya təqdim edir;
6.4.19. Agentlik işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görür;
6.4.20. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
6.4.21. Agentliyin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün öz səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;
6.4.22. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;
6.4.23. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
6.4.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar, komitələr və işçi qruplar yaradır;
6.4.25. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
6.4.26. cari və operativ məsələlər barədə Nazirliyi məlumatlandırır;
6.4.27. Agentliyin (o cümlədən KOB evlərinin) idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin təsdiq olunmuş gəlir və xərclər smetaları üzrə xərclərin ödənilməsini təmin edir, yaranan mübahisələri həll edir;
6.4.28. Nazirliklə razılaşdırmaqla, Agentliyin mərkəzləşdirilmiş fondlarının yaradılması və onlardan istifadə qaydaları barədə qərarlar qəbul edir;
6.4.29. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
6.4.30. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
6.4.31. konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;
6.4.32. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.
7. Agentliyin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
7.1. Agentliyin nizamnamə fondu 5,0 (beş) milyon manatdır.
7.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitlərdən formalaşır.
7.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
7.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
7.5. KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə və s.) görə ödənilən dövlət rüsumunun və digər ödənişlərin (haqların) qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş hissəsi Agentliyin hesabına köçürülür.
7.6. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
7.7. Agentlik göstərdiyi və əlaqələndirdiyi iş və xidmətlərin qiymətlərini müəyyən edir.
8. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
8.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlik həyata keçirir.
8.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
9. Agentlikdə uçot və hesabat
9.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
9.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.
9.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
9.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün auditor cəlb edir.
10. Agentliyin yenidən təşkili və ləğvi
Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.