“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 iyun 2018, 19:57
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədən “və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirsin” sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirsin.”;
1.3. 5.4-cü bənddə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “hissəsinə əsasən yaradılacaq” sözləri “hissəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2018-ci il.