İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidentini qəbul edib
08 iyun 2018, 18:22
Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul edib.
Yan Zahradilin sabah ölkəmizdə keçiriləcək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu önəmli beynəlxalq forumun Azərbaycan paytaxtında təşkil olunmasını yüksək qiymətlənirdi.
Azərbaycana həm Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, həm Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, həm də Avropa Parlamentinin üzvü qismində səfər etdiyini deyən Yan Zahradil bildirdi ki, rəhbərlik etdiyi alyans Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirir. Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan qonaq bu münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığının önəmini vurğuladı. Yan Zahradil Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməsindən məmnunluğunu ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə Avropa İttifaqına üzv olan 9 ölkə, o cümlədən Çexiya ilə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamələrin qəbul edilməsi və imzalanmasının önəmini vurğuladı. Prezident İlham Əliyev sabah Bakıda keçiriləcək tədbirin paytaxtımıza gələn çoxsaylı qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.