İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib
03 iyun 2018, 15:35
Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinovu qəbul edib.
Dövlətimizin başçısı sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Vladimir Kuvşinov bildirdi ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafla bağlı fəaliyyətinə öz töhfəsini verir.
Söhbət zamanı Azərbaycanda mülki müdafiə sahəsində həyata keçirilən işlərdən danışıldı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.